16 C
Baku
Thursday, November 21, 2024

Avtomobil kreditlərində ən çox yol verilən fırıldaqçılıqlar

Son zamanlar verilən istehlak kreditlərinin çəkisində avtomobil kreditləri xüsusi paya sahib olmaq üzrədir. Buna bir tərəfdən insanların avtomobilə olan tələbatlarının artması, digər tərəfdən isə insanlarda avtomobil alıcılıq qabiliyyətinin yüksəlməsi səbəb olur. Lakin bu avtokredit portfeli heç də həmişə nöqsansız və gecikməsiz olmur. Buna bəzən müştərinin səhlənkarlığı, kredit işçisinə tam dolğun məlumat verməməsi, bəzən kredit işçisinin nəzarətsizliyi və müştərinin gəlirlərini təhlil etməməsi rəvac verə bilir. Son anda isə qarşılıqlı anlaşılmazlıq kredit portfelində gecikmələrin artmasına səbəb olur.

Avtomobili müştəri kredit yolu ilə alarkən o ilk növbədə fikirləşməlidir ki, gələcəkdə bunun ödənişlərində problem olacaq, ya yox. Sonra son qərarını verməlidir, belə ki kredit müddəti ərzində müştəri hətta avtomobili başqasına satdığı təqdirdə yenə də avtomobil və kredit müştərinin adına olduğundan əsas məsuliyyət onun üzərinə düşür.

Bir müddət əvvəl kreditdə olan maşınlarla bağlı çoxlu halda problemlər olurdu. Bunlar da əsasən insanların dələduzluğu yolu ilə baş verirdi. Bu zaman kreditdə olan avtomobil yalançı məktub ilə, yəni girovdan azad olması haqqında məktub ilə girovdan çıxarılaraq satılırdı və ya avtomobillərin kasko sığortası olduğu təqdirdə avtomobilin itməsi barədə polisə məlumat verərək, dəymiş ziyanın sığorta şirkətindən ödənməsini tələb edirdilər. Müştərilər tərəfindən, bu kimi başqa neqativ hallar baş verirdi.

Lakin sonradan isə bunlara ciddi nəzarət olduğundan bu cür neqativ hallar xeyli azalmışdır. İlk növbədə girovda olan avtomobilin girovdan azad olması üçün məktubu bankın nümayəndəsi ilə DYP-nə göndərilməsi və müvafiq sənədləşdirmədən sonra girovdan azad edilməsini qeyd etmək olar. Yalnız bundan sonra avtomobili özgəninkiləşdirilməsinə icazə verilir.

Son zamanlar isə müştərilər tərəfindən ən çox rast gəlinən saxtakarlıq hallarından biri də dələduz insanların tam başqa bir adamın adına avtomobili rəsmiləşdirilməsi və həmin insanın respublikada olmaması ilə əlaqədar kreditlərin gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsidir.

Bunların da qarşısı tez bir zaman ərzində alınır, avtomobil axtarışa verilərək DYP- tərəfindən tapılır və məhkəmənin qərarı ilə müsadirə olunur.

Lakin digər ən çox rast gəlinən hallardan biri də kreditdə olan avtomobili başqa müştəri alır və maşının bahalı hissələrini sataraq avtomobili tam yararsız hala salır. Bundan sonra da kredit ödənişlərini həyata keçirmir. Bank işi məhkəməyə verərək avtomobili müsadirə edir. Bu halda müştəri sanki elə hesab edir ki, onsuz da avtomobilin bahalı hissələrini satıb, avtomobil banka qayıtdı, daha bank qarşısında öhdəliyi olmayacaq, lakin bu heç də belə deyil.

Kredit müqaviləsində girov haqqında müəyyən bəndlər vardır. Belə ki, müştəri girovu yararsız hala salarsa və kreditin qalıq məbləğini girov bağlamazsa bu halda yerdə qalan məbləğin ödənilməsi üçün bank işi məhkəməyə verərək müştərinin digər əmlakına yönəlmiş olur. Bu halda da yenə də ilk zərbə avtomobilin ilk sahibinin üzərinə düşür. Yəni kredit onun adına olduğundan bütün məsuliyyəti tam həcmdə özü daşıyır (əgər avtomobili satarkən yeni sahibi haqqında banka məlumat verməzsə və bütün öhdəliklər yeni sahibinə keçmədiyi halda).

Bundan əlavə əksər insanlar hazır kreditdə olan avtomobilə üstünlük verirlər, bunun da bir çox səbəbləri vardır. Belə ki ilk səbəb kimi avtomobilin daha ucuz başa gəlməsi, digər tərəfdən isə digər çirkin fikirləri həyata keçirməkdir. Kreditdə olan avtomobili alaraq uzun müddət ödənişdən yayınırlar, bu halda da kredit ilk sahibinin adına rəsmiləşdirildiyindən onun kredit tarixini korlayırlar, bundan əlavə həm banka, həm də müştəriyə böyük məbləğdə maddi və mənəvi ziyan vururlar. İlk olaraq uzun müddət ödənişlərin edilməməsinə görə cərimə faizləri və penyalar yığılır, bununla da ilk sahibinə bununla maddi ziyan vururlar. Əlavə olaraq kreditin gecikmələri MKR-də görünür və kredit əvvəlki sahibinin adına olduğundan onun kredit tarixçəsi korlanır. Bununla da o bundan sonra çətinliklə sübut edə bilir ki, onun dövründə gecikmə olmayıb. Satılandan sonra gecikmə halı olub, bununla da əvvəlki sahibinə mənəvi ziyan vurmuş olur.

Lakin sonradan isə həmin dələduz müştərilər avtomobili yararsız hala salırlar, demək olar ki kreditin məbləğini ödəmir və ya öz adlarını sığorta polisində qeyd etmədiklərinə görə hər hansı yol nəqliyyat hadisəsi baş vermiş olduğu halda sığorta şirkəti sığorta haqqının ödənilməsindən imtina edir. Bu halda da məsuliyyət ilk sahibinin üzərinə düşür. Bütün dəymiş ziyanların dəyəri avtomobilin satışı ilə təmin olunmazsa əvvəlki müştərinin digər əmlakına yönəlir, bu halda da əlavə olaraq 15% məhkəmə xərcləri də əlavə olunur

Odur ki kreditlə sizin adınıza olan avtomobili satarkən ehtiyatlı olun ki, bu cür mənəvi və maddi ziyanlarla qarşılaşmayasınız. Əks halda həm əlavə xərcləriniz çıxacaq və bundan əlavə olaraq da kredit tarixçəniz korlanacaq.

Son xəbərlər
Digər xəbərlər