16 C
Baku
Wednesday, October 16, 2024

Avtomobillərin utilizatorlarının reyestri aparılacaq

Avtomobillərin utilizatorlarının reyestri aparılacaq.

Bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunur:

– vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;

– nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafiq ərazilərə malik olmaq;

– nəqliyyat vasitələrinin, o cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;

– təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktlarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;

– nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;

– nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

Reyestrin aparılması, saxlanılması və ona nəzarət operator tərəfindən həyata keçirilir. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

– utilizatorlar barədə məlumatlar;

– utilizatorların qeydiyyatı və ləğvi barədə məlumatlar;

– qeydiyyata alınma və dəyişikliklər üçün təqdim edilmiş sənədlər, qeydiyyatın ləğvi üçün əsaslar və müvafiq faktı təsdiq edən sənədlər.

Reyestrə utilizatorlar barədə aşağıdakı məlumatlar daxil edilir:

– hüquqi şəxs olan utilizatorun tam adı, təşkilati-hüquqi forması, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan utilizatorun soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları;

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– utilizatorun səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs reyestrdə qeydiyyata alınmaq üçün operatora ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

– hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyat şəhadətnaməsinin surəti;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

– səlahiyyətli nümayəndənin (təmsilçinin) səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

– Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və müsbət dövlət ekoloji ekspertiza rəyi;

– texniki-iqtisadi əsaslandırma sənədi;

– Reyestrdə qeydiyyata alınmaq üçün tələblərə cavab verməsini təsdiq edən sənədlərin surətləri.

Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır. Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır.

Reyestrdə qeydiyyata alınmaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət informasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət informasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir. Bütün çatışmazlıq və uyğunsuzluqlar ərizəçiyə eyni anda bildirilməlidir.

Ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. Çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin reyestrdə qeydiyyata alınmaq üçün yenidən müraciət etmək hüququ vardır.

Sənədlərdə və məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olmadıqda ərizəçinin reyestrdə qeydiyyata alınması və ya ərizəçi reyestrdə qeydiyyata alınmaq üçün bu qanunda nəzərdə tutulan tələblərə cavab vermədiyi hallarda onun reyestrdə qeydiyyata alınmasından imtina haqqında əsaslandırılmış qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.

Ərizəçinin reyestrdə qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində ona dair məlumatlar reyestrə daxil edilərək bu barədə ərizəçiyə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada məlumat verilir.

Utilizatorlara vahid və təkrarolunmaz 11 (on bir) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir və reyestrdə əks olunur. Aşağıdakı hallarda utilizatorların qeydiyyatı ləğv edilir və onlar reyestrdən çıxarılır:

– utilizatorun bu barədə ərizəsi olduqda;

– hüquqi şəxs olan utilizator ləğv edildikdə;

– fiziki şəxs olan utilizator öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

– Qanunda nəzərdə tutulan tələblərin və vəzifələrin yerinə yetirilməməsi ilə bağlı bir təqvim ili müddətində 3 (üç) dəfədən artıq qanunla müəyyən olunan məsuliyyətə cəlb edilərək barəsində qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar olduqda.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin on dördüncü hissəsinin beşinci abzasında nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərarlar qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində onların surətini operatora göndərir.

Utilizatorun qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə müvafiq qeyd aparılır.

Reyestrdə qeydiyyata alınmış utilizatorlar bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdiyi gündən 5 (beş) iş günü müddətində həmin dəyişikliyin reyestrə daxil edilməsi məqsədilə operatora məlumat verməlidirlər.

Dəyişikliklərin qeydiyyatı bu maddənin dördüncü hissəsində, beşinci hissəsinin ikinci-dördüncü abzaslarında və altıncı – on ikinci hissələrində nəzərdə tutulan qaydada həyata keçirilir.

Reyestrdə dəyişiklik edilərkən qeydiyyat nömrəsi dəyişilmir.

Utilizatorların reyestrdə qeydiyyatı və reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.

Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

Reyestr kitabı qaytanlanır, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır və möhürlənir.

Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətlə bağlı aşağıdakı vəzifələri vardır:

– utilizasiya prosesində ətraf mühitə zərərli maddələrin atılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;

– “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan hallarda tullantıların utilizasiyası sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növlərini və ya hərəkətləri müvafiq lisenziya və ya icazə alındıqdan sonra həyata keçirmək;

– yanacaq çənini, partlayıcı xüsusiyyətə malik detalları (xüsusilə hava yastıqlarını), o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələri təhlükəsiz qaydada sökmək;

– yanacaq, mühərrik və transmissiya yağı, hidravlik ötürücü sistemlərin mayeləri, soyuducu və əyləc mayeləri, kondisioner sistemindəki mayelər və digərləri daxil olmaqla mayeləri ayrı-ayrı hermetik qablara boşaltmaq;

– təhlükəli tullantıları çeşidləyərək ayrı toplamaq və onlarla bağlı bu Qanunun tələblərinə uyğun tədbirləri həyata keçirmək;

– toplanmış tullantıları onların təkrar emalını və ya zərərsizləşdirilməsini həyata keçirən ixtisaslaşmış şəxslərə satmaq və ya təhvil vermək;

– birbaşa utilizasiya proseslərinə yalnız peşə hazırlığına malik olan işçi heyətini cəlb etmək;

– birbaşa utilizasiya proseslərinə cəlb edilən işçi heyətinin əməyin mühafizəsi üzrə təlimatlandınlmasını və biliklərinin yoxlanılmasını təmin etmək.

Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır. Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Qanun qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər