Avtomobillərin ekoloji sinfinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılacaq

Azərbaycanda avtomobillərin ekoloji sinfi və texniki uyğunluğunun müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılacaq.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, aşağıdakı məqsədlərlə də gömrük ekspertizası aparılacaq:

  • avtonəqliyyat vasitələrinin ekoloji sinfinin və texniki uyğunluğunun müəyyən edilməsi;
  • gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların müəyyən edilməsi;
  • kimyəvi silahların, habelə onların hazırlanması, istehsalı və artırılmasında (yığılmasında) istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsi;
  • tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair sahiblik hüququnun müəyyən edilməsi.

Məlumat üçün bildirək ki, ölkədə daha əvvəl aşağıdakı məqsədlərlə gömrük ekspertizası aparılırdı:

  • malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;
  • malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi;
  • ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması;
  • malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
  • sərhədlərarası daşınmasına icazə əsasında yol verilən və ya qadağan olunmuş təhlükəli tullantıların müəyyən edilməsi;
  • radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
  • malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər