14 C
Baku
Saturday, November 23, 2024

Avtonəqliyyat vasitəsini normadan artıq yükləyənlərə qarşı yoxlamalar aparılır

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı və irihəcimli işlər görülməkdədir.

Agentlikdən verilən məlumata görə, lakin müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.

Bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində, həmçinin səyyar tərəzi qurğuları vasitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülər aşkarlanır, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələri agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılır, artıq yük boşaldılır və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə məlumat verilir. Həmçinin həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir.

Nəzərinizə çatdıraq ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdirilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər