Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.
Bunu müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır”, – R. Hümmətov bildirib.
Onun sözlərinə görə, regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda – şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq: “İlkin olaraq, avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur”.
R. Hümmətov bildirib ki, eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qanunsuz fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir:
“Bu reydlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Onu da bildirmək istəyirəm ki, aparılan sistemli tədbirlər nəticəsində Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzalın, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz taksi dayanacaq yerinin fəaliyyəti dayandırılıb. Sərnişin axını intensiv olan Lökbatan dairəsində Bakı – Cənub Avtostansiyasının pasportlaşdırılmasına başlanılıb”.
Nazir müavini vurğulayıb ki, bu istiqamətdə işlər davam etdiriləcək, sərnişindaşıma sahəsində elektron xidmətlərin tətbiq edilməsi və rəqəmsal transformasiya təmin ediləcək.