“AvtoVAZ” 2020-ci ili təxminən 200 milyon avro zərərlə başa vurub. Xatırladaq ki, 2019-cu ildə şirkət 72 milyon avro gəlir əldə edib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Hesablamalara görə, 2020-ci ildə “AvtoVAZ”ın gəliri 2019-cu ildəki 3.376 milyard avroya qarşı 2.799 milyard avro təşkil edib. Əməliyyat mənfəəti isə bir qədər azalıb – 130 milyon avroya qarşı 129 milyon avro. Ümumilikdə, şirkətin illik xərcləri 135 milyon avrodan 172 milyon avroya yüksəlib.
2020-ci ildə “Renault Group”un itkisi bir il əvvəlki 141 milyon avroya qarşı 8.01 milyard avro təşkil edib. “Nissan” ilə iş birliyindən irəli gələn itkilər 4.97 milyard avro dəyərində qiymətləndirilib. Qrupun illik gəliri 43.47 milyard avroya enib. Qeyd edək ki, 2019-cu ildə bu göstərici 55.54 milyard avro olub. Şirkət məzənnənin dəyişmədiyi halda azalmanın 21.7% deyil, 18.2% təşkil edəcəyini açıqlayır.
İl ərzində “AvtoVAZ” 2.95 milyon avtomobil satıb ki, bu da 2019-cu illə müqayisədə 21.3% az olub. Avtomobillərin əksəriyyəti Fransa (535 591), Rusiyada (480 742) və Almaniyada (204 933) alınıb. Satılanlar arasında 384 015 avtomobil “Lada”, 9 823 avtomobil isə “Niva” markalı olub.
Xatırladaq ki, 2020-ci ilin yay aylarında “Lada” markasının ekoloji standartların sərtləşdirilməsi ilə əlaqədar olaraq Avropa İttifaqını tərk etməsi xəbəri çıxmışdır. Sonuncu partiya Avropa dilerlərinə mart ayında təhvil verilib. Şirkət uzunmüddətli perspektivdə Avropa bazarına qayıtmağı mümkün hesab etdiyini açıqlayıb.