Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 telekanalına müsahibəsi zamanı Türkiyə F-16 hərbi təyyarələrinin Azərbaycanda olması məsələsinə aydınlıq gətirib.
Ölkə başçısı bildirib ki, Türkiyə qoşunları Azərbaycandakı əməliyyatlarda iştirak etmir. İştirakı ilə bağlı iddialar yalan və böhtandır. “Heç bir sübut yoxdur”.
“Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”– deyə Prezident deyir.