Ukrayna taxılının BMT və ən əsası isə Türkiyənin vasitəçiliyi ilə dünya bazarlarına çıxarılmasında əsas məqsəd həmin Ukrayna taxılını alıcısı olduğu kasıb ölkələrə çatdırmaq idi. Aydın olur ki, taxılın əsas hissəsi elə sanksiyalara qoşulan və ya tətbiq edən ölkələrə gedib. Məhz taxılla bağlı bu hərəkət qeyri-etikdir və hiddətə səbəb olur.
Ən çox diqqət mərkəzində olan əmtəə neft və qazdır. Rusiya neftinin də məhz sanksiya tətbiq edən ölkələrə üçüncü ölkələr və onlara məxsus tankerlərlə qərbə və digər sanksiyalara qoşulan ölkələrə getməsi üzə çıxıb. Təəccüb doğuran isə bu sadə məntiqin hələ indi üzə çıxmasıdır.
Pandemiya zamanı tədarük zəncirlərinin qırılması nəticəsində əlvan (məsələn, alüminium) və qiymətli metalların (məsələn, qızıl, gümüş) qiymətləri çox artmışdı. Əlvan metallarda bu artım faizlə deyil, hətta dəfələrlə ölçülürdü. Pandemiya bitdi, tələb artdı və həmin metalların bəzilərinin böyük ixracatçısı olan 2 ölkə (Rusiya və Ukrayna) müharibəyə başladı. Ukraynanın infrastrukturu dağıldı, Rusiya sanksiyalara məruz qaldı. Nəzəri cəhətdən qiymətlər daha da artmalı idi, lakin əksinə qiymətlər düşdü. Deməli, tədarük zəncirləri qırılmayıb, əksinə bərpa olunub. Həmin əmtəələr də birjadakı qiymətlərdən daha ucuz alınırmış.
Hər hansı bir işğalçı dövlət hətta işğal etməyə nail olduğu torpaqların ona neçəyə başa gəldiyini hesablasa həmin işğalın necə səmərəsiz olduğunu dərk edər.
Tarix boyu müharibələr ayrı-ayrı ölkələrə bəla gətirsə də, qızmış iqtisadiyyatların soyudulması, dünya bazarlarında oyunçuların dəyişilməsi, düzəni pozan dövlətlərin düzəndən kənarlaşdırılması və nəhayət, yeni dünya düzəninin formalaşdırılması üçün təəssüf ki, hələlik yeganə vasitədir.
Haşiyə: Bu faktlar və fikirlər məhz Ermənistanı düşündürməlidir. Qarabağı işğal etmək və ona cürbəcür don geyindirməyə xərclənən vəsait, zaman, enerjini (ən dəyərli olan insan həyatını eyni maddi məsələlərlə eyni siyahıda göstərmək doğru olmaz), regiondakı layihələrdən kənarda qalmaqla itirilən qazancı məhz erməni xalqının rifahına və gələcəyinə xərcləmək, sülh və firavanlığın yaranmasına yardım etmək Ermənistan liderlərinin erməni xalqına ən böyük xidmətləri olardı.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert