“Axilles və tısbağa” paradoksu bizim eradan əvvəl V əsrdə qədim yunan filosofu Eleyli Zenon tərəfindən yaradılmış aporiyalardan (məntiqi cəhətdən doğru, lakin ziddiyətli ideya) biridir. Paradoksun mahiyyəti ondan ibarətdir ki, əfsanəvi qəhrəman Axilles tısbağa ilə qaçış yarışına çıxmaq qərarına gəlir. Məlumdur ki, tısbağalar ləng olmaqları ilə məşhurdur və buna görə də Axilles öz rəqibinə 500 m güzəştə gedir. Tısbağa 500 metr məsafəni qət etdikdən sonra Axilles 10 qat artıq sürətlə yarışa başlayır. Daha doğrusu, tısbağa 50 metr məsafə qət etməyə nail olduqda, Axilles güzəştə getdiyi 500 metri geridə qoymuş olur.
Daha sonradan məşhur qəhrəman 50 metr də qaçmış olduğu halda, tısbağa 5 metr irəli getmiş olur. Kənardan mənzərə elə təsir bağışlayır ki, Axilles indicə rəqibini geridə qoyacaq. Lakin tısbağa hələ də öndədir və Axilles 5 metr qaçdığı zaman o yarım metr irəliləmiş olur və bu belə davam edir. Onlar arasındakı məsafə sonsuz olaraq qısalır. Lakin ideyaya əsasən heç vaxt onu geridə qoya bilmir. Ləng tısbağa az fərqlə də olsa daim irəlidədir.
Əlbəttə, paradoks fizika nöqteyi-nəzərindən heç bir mahiyyət kəsb etmir. Əgər Axilles bir qədər sürətlə hərəkət etsə, o istənilən halda tısbağanı geridə qoyacaq. Lakin Zenon ilk növbədə öz düşüncələri ilə ideallaşdırılmış bəzi riyazi anlayışların real hərəkətdə düzgün tətbiq edilmədiyini göstərmək istəyirdi.