ABŞ prezidenti Donald Tramp administrasiyasının miqrasiya siyasətini sərtləşdirməsi ölkədə əmək qüvvəsinin 2028-ci ilə qədər 6,8 milyon, 2035-ci ilə qədər isə 15,7 milyon nəfər azalmasına səbəb ola bilər. Bu barədə Milli Amerika Siyasəti Fondunun (NFAP) araşdırmasında deyilir, nəticələri “Axios” portalı dərc edib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, işçi qüvvəsinin azalması ölkənin iqtisadi artımına, eləcə də mal və xidmət istehsalına mənfi təsir göstərə bilər. Hesabatda bildirilir ki, 2028-ci ilə qədər ABŞ miqrasiya qanunvericiliyində edilən dəyişikliklər səbəbindən 2,8 milyon, qeyri-qanuni miqrantlara qarşı sərtləşdirilmiş tədbirlər nəticəsində isə daha 4 milyon işçisini itirə bilər.
Ağ Evin nümayəndəsi Ebiqeyl Cekson “Axios”a açıqlamasında bildirib ki, ölkədə iqtisadi artımı dəstəkləyə biləcək “ağıl və əmək çatışmazlığı yoxdur”. Lakin hesabatın müəllifləri xəbərdarlıq edirlər ki, miqrasiya siyasətinin sərtləşdirilməsi 2025–2035-ci illər arasında ABŞ-nin ÜDM-nin ortaillik artım tempini təxminən yarım faiz azalda bilər.
Tramp daha əvvəl bəyan etmişdi ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon nəfər qeyri-qanuni daxil olub. ABŞ prezidenti dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. İnaqurasiyasından dərhal sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqinə dair fərman imzalayıb. Tramp qeyd edib ki, ölkə tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırır.