“Son dövrlərdə Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Azərbaycan gömrük xidmətini dünyada nümunəvi bir gömrük orqanına çevirəcəyik”.
Agentlik xəbər verir ki, bunu bu gün Bakıda “Gömrük sistemində inkişaf və gələcək perspektivlər” mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
“Biz inqilabi dəyişikliklər gözləyirik. Bu gün dünyada baş verən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr bunu bir daha gündəmə gətirir. Artıq bir neçə ildir ki, dünya iqtisadiyyatı dərin bir iqtisadi böhrandadır. Bu, neft məhsullarının qiyməti ilə, dünyada baş verən siyasi proseslər, bir çox ölkələrdə təhlükəsizliyin təmin edilməməsi ilə bağlıdır. Təəssüf ki, narahatlıq yaradan sahələr gündən-günə artır. Bir çox yerlərdə müharibələr gedir. Aydın məsələdir ki, bu hadisələr bütün ölkələrin iqtisadiyyatına təsirsiz qalmır. Son illər ərzində dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinin dəyişdirilməsi və digər hadisələr ölkə iqtisadiyyatı, iqtisadi siyasəti qarşısında yeni prioritetlər qoyur. Bunu ölkə başçısı da öz çıxışlarında xüsusi qeyd edib. Artıq Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələrin yaradılması əsas prioritet məsələlərdən biridir. Bunun da ilk növbədə gömrük və vergi orqanlarında, iqtisadiyyatı tənzimləyən digər qurumların işi yeni bir mərhələyə qaldırılmalıdır. Bildiyiniz kimi, tarixdə gömrük orqanları iki növ siyasət – azad ticarət siyasəti və ölkədə istehsalın qorunması sahəsində proteksionist siyasəti həyata keçirə bilərlər. Son aylar Gömrük və Vergi Məcəllələrinə dəyişiklik edilib, iqtisadiyyatı tənzimləyən sahələrlə bağlı çox mühüm qanunvericilik aktları qəbul edilib”.
APA-Economics