Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimali Makedoniyanın “NOMAGAS” dövlət şirkətinə (lisenziyalı qaz nəqli sisteminin operatoru) regional qazlaşdırma layihəsinin həyata keçirilməsi məqsədi ilə 98.6 mln. avroya qədər dövlət zəmanəti ilə kreditin ayrılmasını nəzərdən keçirir.
AYİB-in məlumatına əsasən, kredit vəsaitləri Yunanıstan ilə 100% hidrogenin nəqlinə hazır olan təbii qaz birləşdirici boru kəmərinin (66 km; qarşılıqlı əlaqə) və Şimali Makedoniyada iki qaz kəmərinin (Qostivar – Kicevo – 34 km; 1-ci hissə, Sveti Nikole – Veles – 28 km; 2-ci hissə) tikintisinə istifadə olunacaq.
“İnvestisiya qazın Şimali Makedoniyaya tədarük edilməsinə imkan verəcək. Bu, 2030-cu ilə qədər mövcud kömürlə işləyən istilik elektrik stansiyalarını (İES) istismardan çıxarmaqla kömürdən bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək”, – məlumatda qeyd olunur.
Məlumata görə, layihə həmçinin 100% hidrogen daşımalarına hazırdır və aşağı karbonlu məhlulların son istifadə bazarlarına çıxmasına mane olmur.
Qeyd olunur ki, layihə Trans-Adriatik Boru Kəməri (Azərbaycan qazının Avropaya nəql edən TAP kəməri – red.) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə Şimali Makedoniyaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verəcək, həmçinin qonşu Serbiyaya qaz təchizatı imkanları yaradacaq.
Bildirilir ki, layihənin ümumi dəyəri 140.19 mln. avrodur, AYİB-ın isə nəzərdə tutduğu kreditin həcmi 98.59 mln. avro təşkil edir. Kreditin 24 aprel 2024-cü il tarixində təsdiq olunması nəzərdə tutulur.
Qeyd edək ki, Şimali Makedoniya Azərbaycan qazının idxalında maraqlı olan ölkələr sırasındadır.
Xatırladaq ki, Azərbaycan qazı TAP kəməri vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.