®Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank-a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.
Razılaşmaya əsasən, AYİB təxminən $10 mln (9,24 mln avro) həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə – Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən $5 mln (4,6 mln avro) dəyərində kredit təqdim edəcəklər.
AccessBank cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.
AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.
AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij : “Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, AccessBank-ı bütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə geniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik”.
EFSE-nin müşaviri, Finance in Motion üzrə regional direktoru Oksana Binzaru: “Mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyə dəstəyi təmin etməklə, EFSE Azərbaycanda iqtisadi artım və sabitliyin təşviqi siyasətinə sadiqliyini təsdiqləyir. AccessBank ilə əməkdaşlıq yerli biznesin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımdır”.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri: “Mən mikro, kiçik və orta biznesin maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdiyinə görə Avropa Yenidənqurma və İnkişaf Bankına və Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq bizim etibarlılığımızın sübutudur və inanırıq ki, bu tərəfdaşlıq bizə strateji məqsədlərimizi dərinləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə imkan verəcək”.
AccessBank 2002-ci ildən Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyən və onlara sərfəli maliyyə həlləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.
EFSE Cənub-Şərqi Avropada və Şərq Qonşuluğunda fəaliyyət göstərən, mikro, kiçik və orta sahibkarlara və fərdi ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edən fondudur.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 mlrd avrodan çox sərmayə qoyub.