Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi” (Green Economy Financing Facility – GEFF) proqramının işə salınması imkanlarını qiymətləndirir.
Bu barədə AYİB-in məlumatında bildirilir.
Məlumata görə, proqramın dekabrın 3-də AYİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə “yaşıl maliyyələşdirmə”ni dəstəkləməyə yönəlmiş, 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) məbləğində beşillik layihədir. AYİB bildirib ki, ayrılacaq vəsaitlər enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda “yaşıl maliyyələşdirmə” mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.







