Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il iyunun 1-nə 813 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3.7% və ya 31 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 35-dən 34-ə enib.
Bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (714 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 9%-ni (70 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (29 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3.2% azalaraq 705 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3.588 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.3 %-i (3.096 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.