Avropa Yenidənqurma və İnkişaf Bankının Tbilisidə keçirilən illik toplantısı gənc ekoloqlar tərəfindən etiraza qarşılanıb.
“GREEN FİST” təşkilatının üzvləri, Gürcüstan universitetlərinin bir qrup tələbəsi, ekoloqlar AYİB-in illik toplantısının keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər.
Gənclər AYİB-in ayırdığı kreditlər hesabına inşa olunan “Daryal”, “Neskra”, “Paravani” və “Shuaxebi” su elektrik stansiyalarında işlərin dayandırılmasını, ekoloji problemlərin həllinə diqqətin artırılmasını tələb ediblər.
Tbilisi Dövlət Universitetinin tələbəsi, “GREEN FİST” təşkilatının fəallarından biri Xapiça Razarişvili AZƏRTAC-a müsahibəsində deyib: “AYİB-in maliyyə vəsaiti hesabına tikilən su elektrik stansiyalarının hər biri çox böyük ərazilərdə ciddi ekoloji problemlər yaradır. Bankla imzalanmış müqavilənin şərtlərinə görə, stansiyalar işə düşdükdən sonra əldə olunan gəlirin yalnız 10 faizə qədəri bu ərazilərdə ekologiyanın bərpasına yönəldiləcək. Əslində bu vəsait heç bir işə yaramır və bu, Gürcüstan ekologiyasının məhvi deməkdir”.