19 C
Baku
Şənbə, Oktyabr 16, 2021

AYİB-in xalis mənfəəti ötən il beş dəfəyə yaxın azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə 290 mln. avro xalis mənfəət əldə edib ki, bu da 2019-cu illə müqayisədə 4,9 dəfə azdır.

Bank bunun əsas səbəbini COVID-19 pandemiyası fonunda fəaliyyət göstərdiyi bütün bölgələri əhatə edən son dərəcə çətin iqtisadi və maliyyə durumunda görür. Bildirilir ki, 2020-ci ildə əldə olunan mənfəət əsasən bankın səhmdar kapitalına qoyulan investisiyaların hesabına yaranıb.

Bundan əlavə, bankın xalis mənfəətinin kəskin azalmasına kredit portfelinin sağlamlığının zəifləməsi olub. Belə ki, pandemiya fonunda AYİB-in kredit portfelindəki vaxtı keçmiş kreditlərin payı ötən il ərzində 4,5%-dən 5,5%-dək yüksəlib. Hesabat ilində bankın xalis faiz gəlirləri isə 764 mln. avro təşkil edib, bu da 2019-cu illə müqayisədə 6,8% azdır.

Ötən ilin dekabrın 31-i tarixinə bankın cəmi aktivlərinin həcmi 69,772 mlrd. avro təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur. Cəmi öhdəliklərin həcmi isə 51,881 mlrd. avroya bərabər olub, bu göstərici illik ifadədə 3% artıb. Cəmi kapital isə 0,3% artaraq 17,891 mlrd. avroya çatıb.

Layihələr gəldikdə, AYİB-in üzv ölkələrindəki layihələrinin (411 layihə) məbləği 27,224 mlrd. avro təşkil edib, bu da illik müqayisədə 22% azdır. Təkcə 2020-ci ildə bank öz öhdəliyinə 10,995 mlrd. avroluq maliyyələşməni götürüb ki, bu da 2019-cu illə müqayisədə 9% çoxdur.

Qeyd edək ki, “Moody’s Investors Service” beynəlxalq reytinq şirkəti bankın kredit reytinqini “Aaa” (proqnoz – “stabil”), “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi “AAA” (proqnoz – “stabil”), “Fitch Ratings” isə “AAA” (proqnoz – “mənfi”) səviyyəsində qiymətləndirir.

Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 175 layihə üzrə 3,189 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,2%-i (2,684 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Martın 31-nə isə bankın Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu yanvarın 31-i ilə müqayisədə 4,2% artıb. Təkcə 2020-ci ildə isə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər