29 C
Baku
Sunday, June 26, 2022

AYİB indiyədək Azərbaycana 2,9 milyard dollar məbləğində kredit ayırıb

İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev yenidən AYİB prezidenti seçilməsi münasibətilə S.Çakrabartini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verilir və S.Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Azərbaycan AYİB-in dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

İndiyədək AYİB tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlib, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir.

Azərbaycan və AYİB arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən Ş.Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulayıb. Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. Ş.Mustafayev ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə AYİB-lə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Nazir Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib və vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apelyasiya şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bütün bunlar isə özəl sektorla AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.

S.Çakrabarti yenidən AYİB prezidenti seçilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib, məqsədinin inkişaf etməklə olan ölkələrə dəstək göstərmək olduğunu və bu istiqamətdə səylərini daha da artıracağını vurğulayıb. Təkcə ötən 2015-ci ildə AYİB-in Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərildiyini vurğulayan S.Çakrabarti infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xatırladaq ki, Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti S.Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 24-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. AYİB nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Son xəbərlər
Oxşar xəbərlər