Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zəlzələnin Türkiyə iqtisadiyyatına ilkin təsirləri ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə AYİB-in regional hesabatında bildirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı qeyd edib ki, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlayıb. 2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilir. Bank bildirib ki, bu proqnoz 2023-cü ilin fevralında baş verən zəlzələnin potensial təsirlərini əhatə etmir və 2023-cü ildə ümumi iqtisadi fəaliyyətə təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək çox tezdir.
AYİB bununla belə hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-in 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir. “Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir” – AYİB-in açıqlamasında deyilib.