Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin təsirini aradan qaldırmaq üçün qarşıdakı iki il ərzində Türkiyənin cənub-şərq bölgəsinə 1.5 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankından bildirilib. Məlumata görə, əsas məqsəd zəlzələnin təsirinə məruz qalmış şəhərlərdə insan kapitalını, onların gəlir vasitələrini və iş yerlərini qorumaq üçün region iqtisadiyyatının bərpasına, yenidən qurulmasına və reinteqrasiyasına dəstək verməkdir.
Qeyd edilib ki, Bankın cavab tədbirləri zəlzələlərdən bilavasitə zərər çəkmiş müəssisələr və fiziki şəxslər üçün yerli banklara 600 milyon avro dəyərində kredit xətlərinin verilməsini, həmçinin özəl sektorun rolunu gücləndirərək ərazidə bərpa və yenidənqurma işlərində iştirak edən şirkətlərə yeni kreditlərin verilməsini əhatə edəcək.
AYİB həmçinin Bankın Hatay və Qaziantep kimi bələdiyyələrlə güclü əməkdaşlıq təcrübəsinə əsaslanaraq dağıntılara məruz qalmış şəhərlərdə davamlı infrastrukturun yenidən qurulmasını dəstəkləyəcək. O, həmçinin cənub-şərq regionu ilə ölkənin qalan hissəsi arasında əlaqəni bərpa etmək üçün dəmir yolu şəbəkəsinin yenidən qurulmasına vəsait yönəldəcək.
“Bank özəl sektorla güclü tərəfdaşlıqlarını genişləndirəcək və müxtəlif sektorlardakı şirkətlərlə işləyəcək ki, onların fəaliyyətini davam etdirsinlər və yerli dəyər zəncirlərinin pozulmasına tab gətirsinlər. O, həmçinin özəl sektora planlaşdırılan yenidənqurma layihələrində yeni texnologiyalar və yaşıl prinsipləri qəbul etməyə kömək edəcək” – AYİB-in açıqlamasında bildirilib.
Xatırladaq ki, bu il fevralın 6-da Türkiyənin cənub və mərkəzi ilə Suriyanın şimal və qərbində baş verən bir sıra şiddətli zəlzələlər nəticədə bölgədə böyük dağıntılar olub və 50 mindən çox insan həlak olub. Dağıntı və insan tələfatı ölkənin tarixində misilsizdir. Dünya Bankının hesablamalarına görə, regiona birbaşa fiziki ziyan təxminən 34 milyard ABŞ dolları təşkil edir, yenidənqurma xərcləri isə bundan iki dəfə çox ola bilər ki, bu da hökumət tərəfindən əhəmiyyətli xərclər tələb edir.
AYİB isə 2009-cu ildən indiyə kimi Türkiyəyə 17 milyard avro sərmayə qoyub, bunun 93 faizi özəl sektorun payına düşüb. Təkcə 2022-ci ildə Bank Türkiyəyə 1.6 milyard avrodan çox yatırım edib.