“Azər-Türk Bank” ASC “Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq özünün “In house” prosessinq mərkəzini yaradıb”.
Bunu açıqlamasında Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, sabahdan rəhbərlik etdiyi kredit təşkilatı “Azericard” MMC prosessinq mərkəzinin xidmətindən imtina edəcək: “Noyabrın 7-də, saat 14:00-18:00 arasında Bankın bütün plastik kartları “Azericard”dan yeni prosessinq mərkəzinə miqrasiya etdiriləcək. Bu səbəbdən də həmin saatlarda kartların işində müəyyən problemlər olacaq. Keçid bitəndən sonra bizim müştərilərimiz üçün yeni məhsullaı yaratmaq imkanımız olacaq. Həmçinin xidmətlərimizin keyfiyyətini artıra biləcəyik”.
İlkin olaraq SMS bildiriş xidmətinin qiyməti 3 dəfəyə yaxın azalaraq 1,18 manatdan 0,5 manata düşəcək. Növbəti il isə daha innovativ məhsullar təqdim etməyi düşünürük. Müştərilərimiz üçün bu məhsulları yaratmaq və yaxud dəyişmək üçün heç bir şirkətdən asılı olmayacağıq. Yəni istənilən məhsulu Bank daxilində yarada biləcəyik və onun maya dəyəri aşağı düşəcək”.
“Azər-Türk Bank”ın rəhbəri həmçinin deyib ki, bu prosessinq mərkəzinin başqa banklara xidmət göstərməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) lisenziya alınmalıdır: “Amma açıq deyim ki, hələ ki, belə planımız yoxdur. Biz daha çox bunu bankdaxili məhsulların yaradılması üçün etmişik”.
©Report