10 C
Baku
Bazar, Dekabr 5, 2021

“Azər Türk Bank”ın gəlirləri artıb, bank böyüyüb

“Azər Türk Bank” ASC bu ilin III rübünü 729 min manat mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bank 89 min manat mənfəət etmişdir.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8.2 dəfə çoxdur.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “Azər Türk Bank”ın gəlirləri 24 milyon 388 min manat (illik müqayisədə 6.7% çox), xərcləri 23 milyon 963 min manat (8.2% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “Azər Türk Bank”ın aktivləri 368 milyon 63 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.5% çoxdur. Bunun 204 milyon 414 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 22% böyüyüb.

KAPİTALI ARTIB

Hesabat dövründə “Azər Türk Bank”ın öhdəlikləri 2.6% artaraq 311 milyon 58 min manata, o cümlədən depozit portfeli 3% azalaraq 174 milyon 511 min manata düşüb, balans kapitalı isə 2% artaraq 57 milyon 5 min manata çatıb.

Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər
X