Azərbayacanın ilk özəl kollektor şirkəti ilə müsahibə

Müsahibimiz: Borcların alınması üzrə BOA Agentliyinin direktoru  Samir Mustafayev

Samir bəy, ilk öncə müsahibə üçün təşəkkürümü bildirirəm.

Kollektor kimdir və o nədən ötrü yaradılıb?

BOA Azərbaycanda ilk özəl kollektor şirkətidir, 2011-ci ilin dekabr ayında təsis edilib və 1 il əvvəl,01 iyundan fəaliyyətə başlayıb.

“BOA” Kollektor Agentliyi müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə olunmasını təmin edir.

Kollektor isə borclu müştəri ilə profilaktik və maariflənmə işləri aparan şəxsdir.

Banklar nəyə görə öz problemli kredit portfelini kollektor şirkətlərinə outsors etməlidirlər – burada bank üçün maraqlı nüans nədir? Misal üçün bank 3 yeni işçi götürüb həmən insanlara bu işi həvalə edə bilməzmi?

Bankların bu işlə məşğul olmaq üçün elə bir imkanları yoxdur. Çünki onların işçiləri əsasən yeni borclarla məşğul olduğuna görə köhnə borclara vaxtları qalmır. Misal üçün, ən az problemli portfelə malik olan banklar bu işlə məşğul olmaqdan ötrü böyük işçi ştatı – ən azı 10 əlavə hüquqşünas və 10 kollektor saxlamalıdır ki, bu da böyük vəsait tələb edir. Təsəvvür edin, 20 nəfərin aylıq maaşı minimum 20-25 min manat təşkil edir. Ona görə də köhnə borclara əlavə pul xərcləməkdənsə, onları kollektor agentliyinə köçürüb, yığılan pullardan bizə xidmət haqqı ödəmək onlar üçün daha sərfəlidir.

Bu gün Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət elə gərgindir ki, kollektorun yaranmasına ehtiyac yaranıb?

Məncə bu bank kreditlərinin artması prosesinin davamıdır. Yəni banklar əhaliyə verilən kreditlərin həcmini getdikcə artırır, şərtləri isə yüngülləşdirirlər. Nəticədə problemli borclar artır və onu yığmaq üçün müəyyən addımlar tələb olunur. Elə şirkətlər də var ki, hətta kreditləşməyə başlamamış bizimlə əlaqə saxlayıb müqavilə bağlayırlar ki, gələcəkdə verəcəkləri kreditlərdə problem yaransa, onların yığılmasına kömək edək. Amma işimizin əsas hissəsi bankların köhnə borclarının yığılmasıdır.

İndiyə qədər hansı banklar sizin müştərilərin olub?

Bizim müştərilərimiz arasında iki iri bank var, hansı ki, köhnə borclarının toplanıb qaytarılması ilə məşğuluq. Banklar, problemli borcları bizə bir neçə yüz kreditin olduğu portfel şəklində verirlər. Biz bu kreditlərlə işləyərək tədricən o pulları geri qaytarırıq. Pullar geri qayıtdıqca, yeni problemli müştərilər bizə ötürülür. Bundan başqa, kreditlə satışlarla məşğul olan hüquqi və fiziki şəxs olan müştərilərimiz də var. Bura kompüter mağazaları, məişət texnikası satışı ilə məşğul olanlar və s. aiddir. Hətta müştərilərimiz arasında dövlət şirkətləri də var. Onlar yerinə yetirilmiş müqaviləyə görə pulunu ala bilməyən təşkilatlardır.

Bundan başqa şirkətimiz haqda məlumatları olan bir çox şəxslər və müəssisə rəhbərləri bizə müraciət edirlər və hal-hazırda xeyli sayda iri və kiçik müştərilərlə danışıqlar aparılır. Vurğulamaq istəyirəm ki, bunların arasında mobil operatorlardan biri də var.

Məni sizin müştərilərlə iş prosesi maraqlıdır, onlar ilə ikin əlaqə necə girirsiniz? Müştərilər ilə əlaqə saxlayıb, sizi kollektor şirkətindən narahat edirik deyəndə adətən ilk reaksiya nə olur? Axı müştəri öyrəşib ki, ona kredit mütəxəssisləri zəng etsin?

İlk növbədə həmin şəxsin evinə zəng edilir və bu barədə məlumat verilir, borcu qaytarmaq tələb edilir. Bundan əlavə borclu şəxsin iş yerinin olub-olmadığını və yerini öyrənirik və iş yerinə məktub göndəririk ki, xahiş edirik bunu ödəyəsiniz. Həmin şəxs bu üsullara baxmayaraq borcunu ödəməkdən imtina edirsə, məhkəməyə verilir. Məhkəmənin uyğun qətnaməsi alınandan sonra Ədliyyə Nazirliyinin İcra İdarəsinin əməkdaşları ilə birlikdə onun evinə və ya iş yerinə gedilir, qətnamə göstərilir, ona banka borcunun olduğu xatırladılır və ondan qətnaməni icra etmək tələb olunur. Çoxları əvvəlcə təəccüblənir. Deyirlər ki, siz nə banksınız, nə də polis, bu məsələnin sizə nə aidiyyəti var. Lakin biz onlara bank və yaxud fiziki şəxs tərəfindən verilən etibarnaməmizi təqdim edəndən sonra vəziyyəti başa düşürlər. Üstəlik biz borcun tələbinə tək getmirik, məhkəmənin qərarı çıxandan sonra, hər zaman icra məmuru ilə getdiyimizə görə, borclular vəziyyətin ciddiliyini də anlayırlar.

Bəzən borclunu ümumiyyətlə tapa bilmirik, ölkədə olmur və s. Buna görə də məhkəmə qərarı əlimizdə olandan sonra biz məhkəməyə yolu ilə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət də qoya bilərik. Bu da bir üsuldur. Yəni istifadə olunan üsullar müxtəlifdir, amma onların hamısı qanun çərçivəsindədir. Yəni sadə desək, daha diqqətlə və ciddi aparılan hüquqi proseduralardır. Başqa təzyiq üsullarından istifadə etmirik. Hətta borclu şəxsin evinə bir dəfədən artıq zəng etmirik – bircə dəfə deyirik ki, borcu ödəmək lazımdır. Ödəmirsə məhkəmə proseduralarına başlayırıq.

Ümumi tendensiya müsbətdir. Belə ki, fəaliyyətə başladığımız 1il ərzində bizdə olan borc portfelinin 73% qədərini toplayıb qaytarmışıq. Elə müştərilərimiz var ki, məsələn mağazalar, artıq onların problemli borclarını yığıb qurtarmışıq.

Bu işi görən adamlar, yəni sizin əməkdaşlar psixoloji hazırlıq keçirmi, yəni əməkdaşları seçərkən psixoloji səriştəyə diqqət yetirilirmi?

Bildirmək istəyirəm ki, kollektorların işi çox çətin və sinirli bir işdir. Onlar gün ərzində adreslərə gedib, şəxsləri axtarıb-tapmaq, onlardan borcun ödənilməsini tələb etmək, insanlardan müxtəlif xoşa gəlməz sözlər eşitmək və yaxud aldadılmış bir şəxsin, ailəsini dolandıra bilməyən, lakin adına bankdan hansısa bir fırıldaqçı tərəfindən götürülmüş kreditə görə gedib, onun ev şəraitini və göz yaşlarını görəndə özlərini cilovlaya bilməlidirlər. Bu kimi hallar kollektorları güclü stressə salır. Buna görə psixoloji cəhətdən zəif insan bu vəzifədə uzun müddət çalışa bilmir.

Bizdə işləyən kollektorlar, uzun müddət başqa banklarda işləmiş və psixoloji cəhətdən hazırlıqlı və öz işlərinin professionallarıdır.

Xarici ölkələrdə qanunvericilik, müştəriləri həddindən artıq sıxışdırmağı, onları təhdid etməyi və ya psixoloji basqı göstərməyi qadağan edir. Bəs Azərbaycanda məhz kollektorların fəaliyyətini tənzimləcəyək qanun varmı və o, müştərilərin hüquqlarını necə müdafiə edir?

Hal hazırda belə qanun yoxdur, lakin Sizin vurğuladığınız məsələ ,məncə tez-gec qanunla tənzimlənəcək. Bu iş Azərbaycanda yeni qurulub və xarici ölkələrdəki kimi, vaxt keçdikcə və ehtiyac olduqca bu məsələ öz həllini tapacaq.

Buna baxmayaraq Biz öz işimizi qanun çərçivəsində qururuq. Yəni qanun hansı üsullara yol verirsə, ondan istifadə edirik. Biz sadəcə öz müştərimizin qanuni tələblərini qanuni şəkildə yerinə yetiririk. Məhkəmələrdəki işlərin öyrənilməsi, müxtəlif dövlət qurumları vasitəsilə həmin şəxsin tapılması və s. Borcun ödənilməsi üçün mövcud olan hüquqi imkanların araşdırılması və yerinə yetirilməsidir. Bizim işimiz ümumilikdə bundan ibarətdir. Yəni hər şey qanun çərçivəsindədir.

Bankların problemli kreditləri kreditorlara satması, onları adi müştərilərlə məhkəmədə üzləşmək istəməsi ilə bağlıdır, yəni bank bununla imicini qoruyur, ya mənfəətini?

Ilk öncə mənfəətini.

Yuxarıda dediyim kimi, köhnə borcların qaytarılması bankdan xeyli vəsaitin xərclənməsini tələb edir. Ümumiyyətlə bankın imic məsələsi burada rol oynamır, çünki bank hər zaman haqlıdır və borcludan haqqını tələb edir.

Müsahibə üçün təşəkkür edirik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.