18 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycan əhalisinin sayı 4 min nəfər artıb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil etmişdir (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.  2023-cü il fevral ayının 1-i vəziyyətinə 10131373 nəfər olub.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11.7 təşkil etmişdir. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.8 faiz olmuşdur. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olmuşdur.

2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınmış və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.7-dən 6.8-ə düşmüşdür.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5.9-dan 4.6-ya düşmüş, boşanmaların sayı isə 1.5-dən 1.8-ə qədər artmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər