15 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsini artıracaq

Azərbaycan hökuməti ölkə əhalisinin ət və süd məhsulları üzrə yerli istehsal hesabına təmin edilməsi səviyyəsini artırmağı planlaşdırır.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

“Hazırda ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 85-86 %-dir. O cümlədən qoyun əti ilə 99 %, mal əti ilə 90 %-dən çox, quş əti ilə isə 75 % özümüzü təmin edirik. Bu rəqəmlərin yaxın perspektivdə daha da yüksək olacağı gözlənilir. Artım 2 mənbə hesabına olacaq. Bunlardan biri ölkədə intensiv ferma modelinin getdikcə genişlənməsidir. Hələ ki, intensiv fermaların təminatda rolu 3-5 %-dir. Digər mənbə isə işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafıdır. Bu ərazilər hesabına göstəricilərimiz demək olar ki, 100 %-ə çatacaq”, – deyə o qeyd edib.

Nazirlik rəsmisi bu il dəyər zəncirinin pozulması ilə yem istehsalının bahalaşmasının ölkəyə, aqrar sektora təsiri barədə də danışıb: “Təbii ki, daxili bazarda bütün məhsullarda olduğu kimi, heyvandarlıq məhsullarında da qiymət artımı olub. Bu istiqamətdə dövlət təcili tədbirlər görüb, yem məhsullarının idxalını bütün gömrük rüsumlarından və vergilərindən azad edib. Bu azadolmalar imkan verib ki, bahalaşma tempi çox sürətli olmasın və istehsalda geriləmə baş verməsin. Əksinə, bu güzəştlər veriləndən sonra quşçuluq sənayesində həm istehsal həcmi artıb, həm də az da olsa, qiymət səviyyəsi azalıb”.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2021-ci ildə Azərbaycanda 357 min 573 ton ət və ət məhsulları istehsal edilib. Bunun 145 min 041 tonu mal əti, 124 min 388 tonu quş əti, 87 min 647 tonu qoyun və keçi əti, 497 tonu isə donuz əti olub. Yerli istehsal tələbatı təxminən 86.3 % təmin etdiyindən əlavə olaraq ölkəyə 56 min 905 ton ət idxal olunub.

Ötən il Azərbaycanda süd və süd məhsulları üzrə istehsalın həcmi isə 2 milyon 223 min 427 ton təşkil edib. Bu sahədə özünütəminetmə səviyyəsi 84.8 % təşkil edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər