28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan aqrar sahədə yeni kreditləşmə siyasəti hazırlayır

Azərbaycanda kənd təsərrüfatı sahəsində kreditləşmənin keyfiyyətini yüksəltmək və beynəlxalq təcrübəyə uyğunlaşdırmaq üçün işə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu məqsədlə, adıçəkilən qurum Almaniyanın tanınmış “Frankfurt School of Finance and Management” şirkəti ilə müqavilə imzalayıb.

Şirkət mövcud kreditləşmə sistemini təhlil edərək təkmilləşmə üçün tövsiyələr hazırlamalı, kənd təsərrüfatı sahəsi üçün yeni müasir kredit məhsulları təklif etməlidir.

Məsləhətçi şirkətin tövsiyələrinə görə, kreditləşmə siyasəti 3 istiqamətdə həyata keçirilməlidir.

Aqrar sahədə maliyyələşdirmənin strukturunun yaxşılaşdırılmasını nəzərdə tutan birinci istiqamətdə görüləcək işlərə dövlət büdcəsinin və beynəlxalq maliyyə qurumlarının dəstəyini, eləcə də özəl investisiyaları bir-biri ilə uzlaşdırmaq aiddir. Struktur yaxşılaşdırmasında əsas məqsəd büdcə maliyyələşdirməsinin effektivliyini və səmərəliliyini artırmaqdır.

İkinci istiqamət aqrar sahədə istifadə olunan kredit mexanizmlərinin hazırlanmasını nəzərdə tutur. Bu zaman informasiya və tranzaksiya xərclərini azaltmaqla bərabər, maliyyə institutlarının risklərinin də azalması vacibdir. Məqsəd aqrar sahəyə kreditləri maliyyə institutları üçün cəlbedici etməkdir.

Üçüncü istiqamətdə həyata keçiriləcək kredit və lizinq məhsullarının yaxşılaşdırılması isə son borcalanın ehtiyaclarına və risk profilinə uyğun olmaqla, Azərbaycan kənd təsərrüfatının rəqabət qabiliyyətini yüksəltməlidir. Məqsəd kənd təsərrüfatı kreditlərini daha sosialyönümlü etməkdir.

“Frankfurt School of Finance and Management” şirkəti tövsiyələrini hazırlamaq üçün aqrar sahəyə cəlb olunmuş müxtəlif qruplar və qurumlar arasında araşdırmalar, müsahibələr aparmağı nəzərdə tutur.

Aqrar sahədə yeni kreditləşmə siyasətinin hazırlanması və “Frankfurt School of Finance and Management” şirkəti ilə əməkdaşlıq Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində həyata keçirilir.

APA

Son xəbərlər
Digər xəbərlər