2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669.1 min barrel olub. Bunun 584.6 min barrelini xam neft, 84.5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460.4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124.2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib. Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bu da qeyd edilməlidir ki, Azərbaycan nefti avqust ayında AzerLight markalı xam neftimizin qiyməti 44-47 dollar diapazonunda dəyişib. Həmin ayda hətta ilk 10 gündə 47 dollar/barel səviyyəsinə qədər yüksəlib, bəzi günlərdə isə bu həddi də üstələyə bilib.
Ölkəyə valyuta axınında 90%-ə qədər pay sahibi olan neftin qiymətinin son aylarda artımı rəqəmlərdə mühüm artımlar qeydə alınmışdı. İlin may ayında 665.50 mln., iyunda 714.31 mln. və iyulda isə 1 444.91 mln. ABŞ dolları həcmində valyuta daxil olub.
“OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7.7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133.4 min barrel azaldıb.
Bildiyimiz kimi, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır.
Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7.7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.
Yəni ilin sonuna qədər Azərbaycan neft ixracındakı tətbiq edilən bu kvota ilin sonuna qədər davam edəcəkdir.