Azərbaycan Bank sistemində hüquqi məsələlərin aktuallığı haqqında

Müsahibimiz Amrahbank İdarə heyətinin üzvü Sədi Cavadovdur

Azərbaycan bank sistemində hüquq departamentlərinin əsas problemləri hansılardır?

Ümumiyyətlə Azərbaycan banklarında hüquq departamentlərinin fəaliyyəti son illərdə fəallaşmağa başlamışdır.Təəssüf ki, 5 il öncə banklarda bu istiqamətə ciddi diqqət yetirmirdilər. Bunun da nəticəsi olaraq, müştərilərlə münasibətlər müqavilə səviyyəsində tam düzgün tənzimlənmədiyindən bir sıra lüzumsuz mübahisələrə, məhkəmə çəkişmələrinə gətirib çıxarırdı. Lakin son illər maliyyə sektorunun bütün sahələrində olduğu kimi, bank fəaliyyətində də hüquqi təminat məsələlərinə önəm verilir, bütün münasibətlərin, müqavilələrin tam qanuna uyğun şəkildə tənzimlənməsi, fəaliyyətin qanunlara uyğun aparılmasına nəzarətin güləndirilməsi prioritetlərdən birinə çevrilir.

Təbii ki, bu sahədə problemlər də az deyil. Problemlər əsasən, bəzi əməliyyatların hüquqi rəsmiləşdirilməsinin bir proses olaraq vaxt etibarilə uzun çəkməsi, bəzi məsələlərin qanunvericiliklə tam tənzimlənməməsi və s. ilə əlaqədardır.

Bank fəaliyyəti nəticəsində yaranan əksər münasibətlər müqavilələrlə tənzimlənir. Həmin müqavilələrin isə bir çox hallarda təsdiqi, dövlət qeydiyyatı zəruridir ki, bu cür hallarda Bank notariat orqanları ilə, həmin müqavilələrin dövlət qeydiyyatını aparan müvafiq dövlət orqanları ilə sıx əlaqədə işləmək məcburiyyətindədir. Bu proseslər isə bəzən süni olaraq, bəzən isə obyektiv səbəblərdən uzadılır.

Təbii ki, bu problemlərin həlli bu məsələləri tənzimləyən qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi yolu ilə mümkündür. O cümlədən bank fəaliyyəti nəticəsində əmələ gələn bəzi münasibətlərin tənzimlənməsi ilə əlaqədar qanunvericilikdə mövcud olan boşluqların da aradan qaldırılması bir sıra problemlərin həllinə gətirib çıxaracaq. Bu istiqamətdə artıq bir sıra işlər görülür. Məsələn, AR Mərkəzi Bankı bir sıra təlimatlarını artıq təkrarən gözdən keçirir, yeni təlimatlar işləyib hazırlayır ki, bu da bütövlükdə Bankın, xüsusən də onun Hüquq departamentinin işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Azərbaycanda yaxın keçmişdə kollektor şirkətləri yaratmaq istəyənlər və faktiki açanlar az deyildi. Necə düşünürsünüz, bu tip servis yaxın 1-2 il ərzində tam olaraq işlək vəziyyətə gələcəkmi yoxsa banklarımız buna hazır deyil?

sedi_cavadov2Hazırda respublikamızda inkişaf etmiş bank sistemi fəaliyyət göstərir. Mənim fikirimcə banklarımiz buna hazırdır. Vaxtı keçmiş kreditlərin həcminin günü-gündən artırılmasını nəzərə alaraq, hesab edirəm ki, kreditor ilə borclu arasında vasitəçi olan kollektor şirkətləri vaxtı keçmiş kreditlərinin qaytarılmasına müsbət təsir göstərəcəklər. Lakin kollektor şirkətləri ilə münasibətlər qurularkən qanunvericiliyə tam riayət olunmasına da xüsusi diqqət yetirilməlidir. Burada bank sirrinin verilməsi və s. kimi əhəmiyyətli hallar ortaya çıxa bilər ki, bunları əvvəlcədən müştərilərlə bağlanan müqavilələrdə tənzimləmək zəruridir.

Əgər fəaliyyət göstərən kollektor şirkətləri bu sahədə özlərini doğrulda bilsələr, yəqin ki banklarımız yaxın 1-2 il ərzində bu sahədə tamamilə onların xidmətlərindən istifadəyə keçə bilərlər. Lakin sui-istifadə halları, qanun pozuntuları, müştərilərin hüquqlarının pozulması və s. kimi halların qarşısını almaq üçün əvvəlcədən tədbirlər görülməsi məqsədəuyğundur. Fikrimcə, Bank hər hansı kollektor şirkətinin xidmətindən istifadə edərkən, hər bir halda nəzarəti öz əlində saxlamalıdır. Çünki, həmin kollektor şirkəti öz işində hər hansı nöqsana yol verərsə, bu, dolayısı ilə Bankın da imicinə zərər vura bilər. Çünki barəsində nöqsana yol verilmiş müştəri özünü kollektor şirkətinin deyil, Bankın müştərisi hesab edir. Odur ki, müştərilərin hüquqlarının heç bir halda pozulmasına yol verməmək şərtilə və buna nəzarəti həyata keçirməklə kollektor şirkətlərinin xidmətlərindən istifadə etmək olar.

Son böhran Azərbaycan banklarına ciddi təsir göstərməsədə hər halda hiss olunacaq dəyişikliklərlə yadda qaldı.

O dövrdə hüquq departamentinin işində necə, çoxalma müşahidə olunurdumu?

Son böhran başqa ölkələrə, xüsusilə də Avropa ölkələrinə nisbətən Azərbaycan banklarına daha az təsir etdi. Bu çox sevindirici bir haldır. Düşünürəm ki, AR Mərkəzi Bankının banklara qarşı müəyyənləşdirdiyi prudensial tələblər burada böyük rol oynadı. Lakin böhran Azərbaycan banklarına təsirsiz ötüşmədi. Sözsüz ki, iqtisadi böhran bankda iş rejiminin gücləndirilməsinə səbəb oldu. Bu hüquq departamentinə də toxundu və iş həcmini artdı. Həmçinin böhran nəticəsində əhalinin alınmış kreditləri qaytarmaq imkanını da zədə altına aldı ki, bunun da nəticəsində məhkəməyə müraciətlərin sayı artdı. Bu baxımdan, böhran Hüquq departamentlərinin də fəaliyyətində hiss olunacaq dəyişikliklərlə yadda qaldı.

Sizсə, Azərbaycan Bank sistemində hansı hüquqi islahatlara ehtiyac var?

Bank fəaliyyətinin həyata keçirilməsi nəticəsində çoxşaxəli münasibətər kompleksi yaranır. 1-ci sualınızda da qeyd etdiyim kimi, həmin münasibətləri tənzimləyən qanunvericilik aktlarında boşluqlar mövcuddur ki, bunların da aradan qaldırılmasına ehtiyac var. Eyni zamanda, Mərkəzi Bank da bu istiqamətdə hal-hazırda tədbirlər görür və inanıram ki, yaxın gələcəkdə bu cür boşluqlar tamamilə aradan qaldırılacaqdır.

Digər bankların hüquq departamentlərində işləyən mütəxəssislərə təcrübənizdən irəli gələrək hansı istiqamətlərə daha çox diqqət yetirmələrini tövsiyyə edərdiniz?

Birinci növbədə müqavilə münasibətlərinə diqqət yetirmələrini tövsiyyə edərdim. Çünki bizim qanunvericilik əksər münasibətlərin tənzimlənməsi üçün müqavilələrdə iradə azadlığı prinsipini rəhbər tutur. Əksər münasibətləri məhz müqavilələrlə tənzimləmək lazım olur. Müqavilələrdə bu cür münasibətlərin tam tənzimlənməməsi isə gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır. Həmin problemlərin həll olunmasına günlərlə, yaxud aylarla vaxt sərf etməmək üçün, əvvəlcədən bağlanılan müqavilələrə daha diqqətlə yanaşılmaq, onlarda həmin münasibətləri, mövcud olan və ola biləcək riskləri hərtərəfli tənzimləmək lazımdır.

Təşəkkür edirik!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.