Azərbaycan bankları koronavirusa görə müştərilərinə güzəştə gedəcəklərmi?

Dünyada tüğyan edən koronavirus (COVİD-19) iqtisadiyyatları iflic vəziyyətinə gətirib çıxarmaqdadır. Bununla bağlı Azərbaycanda da sərt addımlar atılmışdır. Əsas məqsəd isə insanların toplu şəklində bir yerlə yığılması nəticəsində virusun daha geniş yayılmasının qarşısını almaqdır.

İnsanların daha çox toplum şəklində olduğu yerlərdən biri də banklardır. Banklara gedən müştərilərin bir qismi məhz kredit ödənişləri üçün ora üz tuturlar. Artıq bir çox ölkələrdə banklar öz müştərilərinə kredit ödənişləri ilə bağlı bir neçə aylıq amnistiya vermişdirlər.

Misal üçün ötən həftə məlumat verdiyimiz kimi, Gürcüstanın 2 iri bankı olan “Gürcüstan Bankı” (Saqartvelos Banki) və “TBC Bank” öz müştərilərinə ödənişlərlə bağlı 3 aylıq güzəşt vermək niyyətlərinin olduqlarını açıqlamışdırlar.

Eyni tipli təkliflə Qazaxstanda Maliyyə bazarlarının idarə edilməsi və inkişafı agentliyinin rəhbəri çıxış etmişdir və yaxın günlərdə onun tətbiqinə başlanılmalıdır.

Artıq bu gün türk banklarıda müştərilərə müəyyən güzəştlərin edilməsi ilə bağlı açıqlama veriblər.

Hələki Azərbaycanda analoji təkliflə çıxış edən nə bank vardır, nə Mərkəzi Bank bu məsələyə toxunur, nə də Azərbaycan Banklar Assosasiyası.   Bu məsələ ilə bağlı Mərkəzi Banka və ABA-ya Banker.az tərəfindən rəsmi sorğuda göndərilmişdir, lakin hələki onlar tərəfindən bir cavab yoxdur.

Qeyd olunan məsələlərlə yanaşı, Mülki məcəllədə və həmçinin kredit öhdəliklərini tənzimləyən və müştəri bank arasında bağlanmış

Əhmədəli Məmmədov

müqavilələrdə fors-major deyilən halla bağlıda müəyyən müddəalar mövcuddur. Bəs dünyada və həmçinin Azərbaycanda baş verən proseslər fors-major hesab edilə bilərmi? Bu sualla biz peşəkar hüquqşünas və ekspert Əhmədəli Məmmədova müraciət etdik. Onun bu məsələ ilə bağlı mövqeyi belə oldu:   “Koronavirusla bağlı həyata keçirilən tədbirlərə fors-major hal kimi istinad edilə bilməsi sualına cavab vermək üçün fərdi yanaşma tələb olunur. Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Fors-major hala istinad edən borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra etmədiyi üçün təqsirkar olmadığını sübut etməlidir. Çünkü, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan (yəni fors-major haldan) irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu fors-major hala istinad edirsə, onun icra qabiliyyətinə fors-major halın təsiri barədə kreditora (o cümlədən kredit müqaviləsi üzrə banka) dərhal məlumat verməlidir. Belə məlumatı dərhal kreditora təqdim etməyən borclu fors-major hala istinad edə bilməz və məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mən düşünmürəm ki, banklar hazırkı vəziyyətdə fors-major hala istinad edən borclulara asanlıqla güzəşt edə biləcəklər. Amma borclu da bilməlidir ki, fors-major hala görə müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyini sübuta yetirdikdə və bu barədə bankı xəbərdar etdikdə fors-major halın davam etdiyi müddətdə kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyi üçün məsuliyyətdən azaddır.”


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları