2 C
Baku
Saturday, March 2, 2024

Azərbaycan banklarının “kənar şoklara” qarşı dayanıqlığı yüksək görünür: Hesabat

2023-cü ilin ilk yarısında Azərbaycanın bank sektorunun əsas göstəriciləri üzrə müsbət dinamika müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.

Cari ilin ilk 6 ayı ərzində bank sistemində likvid aktivlərin həcmi bir qədər azalsa da, aktivlərin keyfiyyəti və gəlirlilik göstəriciləri qənaətbəxş səviyyədə olub, likvidlik və kapital mövqeyi prudensial tələbləri üstələyib.

“Təhlillər bank sektorunun kənar şoklara qarşı dayanıqlığının yüksək olduğunu göstərir”- deyə, AMB bildirir.

Ölkədə bank-əsaslı maliyyələşmə modeli mövcuddur. İqtisadiyyatın maliyyələşməsində bank sisteminin aparıcı rolu qalmaqdadır. Bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 37.5% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 17.7% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 29.5%-dir).

Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir. Cari ilin ilk 6 ayı ərzində dayanıqlığını itirmiş bir bankın lisenziyası ləğv edilib. Hazırda ölkədə 24 bank fəaliyyət göstərir ki, bu banklardan 2-si dövlət bankıdır.

Xarici kapitallı bankların sayı 9-dur və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 74 şöbə, 3 009 ATM və 23.2 min nəfər işçidən ibarətdir. Hər 1000 km2 əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 30-dur.

Ötən ilin sonu ilə müqayisədə xidmət şəbəkəsinin əhəmiyyətli genişlənmədiyi (1 bankın sektordan kənarlaşması nəzərə alınmadan filial şəbəkəsi üzrə əhəmiyyətli artım olmayıb, ATM sayı üzrə artım 0.4%) müşahidə edilir. Bu, bank sektorunda rəqəmsal xidmət həllərinin artması ilə (bankların mobil tətbiqlərini təkmilləşdirməsi, rəqəmsal kart təkliflərinin artırılması və s.) izah olunur.

2023-cü ilin ilk rübündə iri şirkətlərin tələbli depozitlərinin azalması nəticəsində bank sisteminin balansı bir qədər daralsa da, II rübdə sektorun balansı I rübə nisbətən artmışdır. İlin ilk yarısında bank sektorunun aktivləri 3.9% (1.8 mlrd. manat) azalaraq 45.2 mlrd. olmuşdur. İlin ilk rübündə bankların cəmi aktivləri 4.7 % (2.2 mlrd. manat) azalmış, ikinci rübdə isə 0.8% (0.4 mlrd. manat) artmışdır. Balansın daralması əsasən neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin tələbli depozitərində azalma ilə bağlı olmuşdur. Belə ki, yarımil ərzində hüquqi şəxslərin tələbli depozitləri 18.3% (3.6 mlrd. manat) azalaraq 16.1 mlrd. manat olmuşdur. Eyni zamanda, bank sektorunun likvid aktivləri 19% (-3.3 mlrd. manat) azalaraq 14 mlrd. manat təşkil etmişdir.

Bank sektorunun öhdəliklərində isə 5.1% (-2.1 mlrd. manat) azalma müşahidə edilmişdir. 30.06.2023-cü il tarixinə bankların cəmi öhdəlikləri 39.3 mlrd. manat olmuşdur. Bununla belə, sektorun maliyyə vasitəçiliyi funksiyasının genişlənməsi müşahidə olunmaqdadır. Belə ki, ilin ilk altı ayı ərzində kredit portfeli 8.7% (1.7 mlrd. manat) artaraq 21.3 mlrd. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər