Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Banker.az-a bildiriblər ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bolqarıstana təşkil edilmiş ixrac missiyası başa çatıb.

Qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri distribüter, idxalçı və topdansatış şirkətləri ilə ikitərəfli görüşlər keçirib, “Interfood & Drink” sərgisində, bir sıra iri marketlərdə olub, müzakirələr aparıblar.

Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsullar Bolqarıstan şirkətləri tərəfindən maraqla qarşılanıb. Belə ki, Azərbaycanın “Kaslar” MMC şirkəti ilə Bolqarıstanın “Stil Agro” LTD, “My Day” LLC və “KaPousouz” şirkətləri arasında fındığın ixracına dair ilkin razılıq əldə olunub.

Bundan əlavə, Azərbaycanın “Tac” MMC (Aquavita) şirkəti ilə Bolqarıstanın distribüter şirkətləri arasında nar və heyva limonadlarının ixracına dair müzakirələr aparılıb. Azərbaycanın “Baku Konserv” QSC şirkəti ilə Bolqarıstanın distribüter “Dikotex” şirkəti arasında təbii nar şirəsinin Bolqarıstana ixracına və üçüncü Avropa ölkələrinə çıxışına dair danışıqlar aparılıb. Azərbaycanın “Banu Organic” MMC, “Ayan” MMC, “Sun Food” MMC şirkətləri istehsal etdikləri məhsulların ixracına dair bolqar şirkətləri ilə razılığa gəliblər.

İxrac missiyası çərçivəsində, həmçinin “Şirin Aqro” MMC şirkəti ilə Bolqarıstanın “Kafkas” şirkəti arasında müxtəlif növ meyvə və tərəvəzin böyük həcmdə ixracına dair müzakirələr aparılıb, Azərbaycanın “Az-Granata” MMC şirkəti nar şirəsinin Bolqarıstana ixracına, eləcə də məhsullarının “Metro” supermatketlərində yerləşdirilməsinə dair razılıq əldə edib.