2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan külək enerjisi ilə işləyən 33 ədəd elektrogenerator qurğusu idxal edib.
Banker.az xəbər verir ki, bu qurğuların ümumi dəyəri təxminən 39.9 milyon ABŞ dolları təşkil edib.
Cari ildə bu generatorlar öncəki ildəki kimi yalnız Çindən gətirilib.
Keçən ilin eyni dövründə Çindən cəmi 2 ədəd qurğu (cəmi 1.94 min dollar dəyərində) idxal olunmuşdu.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsində iri layihələr həyata keçirirlər. Bu təşəbbüslər Azərbaycanın 2030-cu ilə qədər enerji istehsalının 30%-ni bərpaolunan mənbələrdən təmin etmək hədəfinə uyğun olaraq həyata keçirilir.
“Masdar” şirkəti Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını inşa edib. Bu stansiya 2023-cü ilin oktyabr ayında istifadəyə verilib və ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edir. Bu, 110 min evin enerji ehtiyacını ödəməyə kifayət edir və illik 200 min ton karbon emissiyasının qarşısını alır. Layihənin dəyəri 262 milyon ABŞ dollarıdır və bu, Azərbaycanın xarici investisiya ilə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsidir.
Bundan əlavə, “Masdar” 2022-ci ildə Azərbaycanla 4 QVt gücündə bərpaolunan enerji layihələrinin inkişafı üçün razılaşmalar imzalayıb. Bu layihələrə 1 QVt onşor külək, 1 QVt günəş və 2 QVt ofşor külək və yaşıl hidrogen istehsalı daxildir. Gələcəkdə bu gücün 10 QVt-a qədər artırılması planlaşdırılır.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Bu layihənin investisiya dəyəri 286 milyon ABŞ dollarıdır. Bundan əlavə, “ACWA Power” 1 QVt onşor, 1.5 QVt ofşor külək və batareya enerji saxlama layihələri üzrə Azərbaycan Energetika Nazirliyi ilə dörd icra sazişi imzalayıb.
2023-cü ilin oktyabr ayında “ACWA Power”, “Masdar” və SOCAR arasında Naxçıvanda 500 MVt gücündə bərpaolunan enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu imzalanıb.
Bununla belə, Dövlət Statistika Komitəsinin məlumatına görə, külək turbinləri ilə 2025-ci ilin birinci rübündə 4.5 KVt-saat elektrik enerjisi istehsal edilib və buda öncəki ildən 68 faiz azdır.