13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycan hüquq müdafiəçilərinin bəyanatı İrana təzyiqdirmi?

Bu həftə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiə təşkilatlarının rəhbərləri BMT İnsan Haqları Komitəsinə və Amnesty İnternational-a İranda fəalların həbsi ilə bağlı müraciət ünvanlayıb.

Onların müraciəti İranla Azərbaycan arasında münasibətlərdə gərginlik hiss olunduğu dövrə təsadüf edir. Bir müddətdir ki, İran və Azərbaycan rəsmiləri qarşılıqlı olaraq bir-birinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.

İran Azərbaycanı sərhədləri yaxınlığında “sionist rejimi” saxlamaqda ittiham edir, Azərbaycan bu ittihamları rədd edir və İrandan sübutlar tələb edir.

Siyasi şərhçilərin fikrincə hakimiyyət orqanları ilə “isti münasibətləri” olan hüquq müdafiəçilərinin İranı bu zamanda şikayət etməsi Azərbaycan hakimiyyətinin də marağında ola bilər.

Müraciət edən hüquq müdafiəçiləri isə deyirlər ki, ilk dəfə deyil ki, İranla bağlı belə müraciət edirlər.

İran rəsmiləri və İranın Bakıdakı səfirliyi bu bəyanatla bağlı şərh verməyib.

Hüquq müdafiəçilərinin müraciəti Azərbaycanda hökümət meyilli mediada yayılıb.

“15 il həbs və 888 şallaq cəzası”

Bəyanatda adı çəkilən fəallar barəsində məhkəmə hökmü bu il sentyabrın 20-də verilib.

Aksiyada iştirak edən Hüseyn Balaxani, Pərviz Siyabi, Mostafa Pərvin, Morteza Pərvin, Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Colani 15 il həbslə və 888 şallaq cəzası ilə cəzalandırılıb. Əsgər Əkbərzadə adlı fəal isə cərimə olunub.

Onların haqqında iş təxminən bir il öncə açılıb.

Onlar 2020-ci il sentyabrın 29-da, Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi gedən vaxtda Ərdəbildə etiraz aksiyasında iştirak ediblər.

Onların işini izləyən hüquq müdafiəçilərindən biri Şahin Xiyavlı deyir ki, o vaxt “İrandan Ermənistana silah-sursat daşınması” İranın müxtəlif şəhərlərində etirazlara səbəb olub və bu fəallar Ərdəbilin Cilal parkının qarşısında mitinq etmək istəyiblər

İran müharibə vaxtı öz sərhədi üzərindən Ermənistana silah keçirilməsinə yol vermədiyini deyib.

“Ötən il mitinqə qatılanlar həbs olunub, daha sonra onlar həbsdən çıxandan sonra məlum olub ki, onlar saxlanılarkən ciddi zorakılığa məruz qalıblar”, -Norveçdə mənzillənən “İranda Azərbaycanlıların İnsan Haqları qurumu”nun rəhbəri Şahin Xiyavlı deyir.

“Məsələn, Səccad Colani görmə məhdudiyyətlidir və dinc mitinqə qatılanda məmurlar onu döyüblər. Ümumiyyətlə, İran rəsmiləri həmişə deyirlər ki, İranda sərbəst toplaşmaq azadlığı var. Amma bu halda görürük ki, tamamilə dinc aksiya dağıdılıb”, – Şahin Xiyavlı deyib.

“Azərbaycana mesaj verir ki, sən elə etsən, mən də belə edərəm”

Şahin Xiyavlı deyir ki, fəallara ümumilikdə 15 il həbs və 888 şallaq cəzası verilib. Onlar “hakimiyyət nümayəndələrinə qarşı, milli təhlükəsizliyə qarşı, ictimai asayişi pozmaq” kimi hərəkətlərdə günahlandırılıblar.

“Qarabağ məsələsi bütün azərbaycanlılar üçün həssas olub”,- deyən Şahin Xiyavlı fəalların dinc aksiya etdiklərini və qanunu pozmadıqlarını bildirib.

Şahin Xiyavlı deyib ki, həbs olunan fəallarla bağlı hələ ötən il Amnesty International təşkilatına və BMT-nin İnsan Haqları qurumuna məlumat verilib.

O, İranda 12 fəalın cəzalandırılmasının İran-Azərbaycan arasındakı gərginlik vaxtına təsadüf etməsini “maraqlı məqam” adlandırır və hesab edir ki, İran burada öz vətəndaşlarını cəzalandırmaqla “Azərbaycana mesaj verir ki, sən elə etsən, mən də belə edərəm”.

“Bu şallaq hökmünün son vaxtlar İranda milli fəallara qarşı tətbiqi artmaqdadır və bu, onların şərəfini alçaltmaq məqsədiylə edilir”, – Şahin Xiyavlı qeyd edib.

Onun fikrincə, Azərbaycanda olan hüquq müdafiə təşkilatlarının İrandakı fəalların həbsi barədə çağırışı İrandakı fəallara “mənəvi dəstək” ola bilər.

“İlk müraciət deyil”

Müraciət edənlərdən biri, hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC News Azərbaycancaya deyib ki, onun təmsil etdiyi təşkilat illərdir İranla bağlı insan hüquqlarının müdafiəsi sahəsində işləyir və belə müraciət ilk dəfə deyil.

Novella Cəfəroğlu bildirib ki, onun təşkilatı bir neçə dəfə İran qadınları barədə seminarlar təşkil edib, İrandan gələn mühacirlərlə görüşüb və onların hüquqlarının pozulmasına biganə qalmayıb.

“Həmişə İrandakı bu kimi hadisələrə adekvat cavab vermişik. Bu dəfə 40 milyonluq azərbaycan türklərinə qarşı amansızlıq olur, onları tutub onlara şallaq vurmağı, öz dillərində təhsil ala bilməyənlərin hüquqlarının pozulmasını məgər Amnesty İnternational, BMT görmür?”, – Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, yaydıqları bəyanat “çox vacibdir” və həm BMT, həm Amnesty İnternational bu işə qarışıb İranla “ciddi söhbət” etməlidirlər.

“Bu bəyanatın verilməsi İranla Azərbaycan arasında gərgin münasibətlərlə əlaqəlidirmi?” – sualına cavabda Novella Cəfəroğlu deyib ki, İranın bu gün Azərbaycana təzyiqi ola bilməz.

“İran Azərbaycana diqtə edə bilməz. İran 44 günlük müharibədə Ermənistanı blokadadan çıxardı, ona sursat verib. Bundan sonra İranla Azərbaycan arasında hansı münasibətlərdən söhbət gedə bilər? İran, bu gün mənim orda olan soydaşımı o, Qarabağ şüarı səsləndirib deyə həbs edirsə, mənim sənə münasibətim nə cür ola bilər?” – Novella Cəfəroğlu bildirib.

Beynəlxalq təşkilatlara çağırış bəyanatını hüquq müdafiə sahəsində fəaliyyət göstərən Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Arzu Abdullayeva, Eldar Zeynalov, Zəlihə Tahirova və Mirvari Qəhrəmanlı imzalayıblar.

“Azərbaycan rəsmi dairələrinin maraqları”

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Azərbaycandakı hüquq müdafiə təşkilatlarının İran barədə müraciətini iki dövlət arasındakı gərginlik konteksində qiymətləndirmək lazımdır.

Şahin Cəfərli İranda ‘hüquq pozulması” ilə bağlı Azərbaycandakı hüquq müdafiəçilərinin müraciətini “haqlı müraciət” hesab edir.

“Azərbaycanlı hüquq müdafiəçilərinin bu məsələni qabartması problemin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından önəmlidir. Digər tərəfdən həmin hüquq müdafiəçilərindən bir çoxunun Azərbaycan hoküməti ilə çox yaxşı və yaxın münasibətləri var”,- Şahin Cəfərli deyib.

O istisna etməyib ki, bu müraciətin hazırlanmasında və yayılmasında Azərbaycan rəsmi dairələrinin də maraqları və bəlkə iştirakı da var.

“İran-Azərbaycan gərginliyi davam edir”

Cənab Cəfərli deyir ki, hər iki ölkə münasibətlər gərginləşdikcə əllərindəki kartları yavaş-yavaş açır.

“İrandakı türklərin mövcudluğu da Azərbaycan dövləti üçün çox vacib, təsirli amillərdən biridir. Azərbaycan hoküməti onları istifadə etmədən İrana mesaj verir ki, bizim əlimizdə belə güclü amil var. Bununla siz hesablaşmalısınız. Bu, İrana həm mesajdır, həm də təzyiqdir, eyni zamanda İranın beynəlxalq ictimaiyyət arasında növbəti nüfuzdan salmaq cəhdi də var”, – şərhçi deyib.

Şahin Cəfərli hesab edir ki, İranla Azərbaycan arasında gərginlik hələ də davam edir və Azərbaycan Prezidenti İlham Əliyev bu gün (oktyabrın 15-də) beynəlxalq tədbirdə İranı ittiham edən çıxış edib.

İlham Əliyev deyib ki, işğal dövründə İrandan Azərbaycanın vaxtilə işğal olunmuş əraziləri vasitəsilə Ermənistana, ordan da Avropaya narkotrafik baş verib.

İran rəsmiləri bu iddiaları “qəti” təkzib edib və buna cavab veriləcəyini deyib.

Şahin Cəfərli bu bəyanatın dövlətlərarası münasibətlərdə gərginliyin olduğunu göstərdiyini deyib. Onun fikrincə, bu gərginlik hərbi toqquşmaya gətirib çıxarmayacaq, ancaq bundan sonra münasibətlər düzəlsə belə, təsiri hələ uzun müddət hiss ediləcək.

“Qarşılıqlı ittihamlar”

Bir müddətdir ki, İran rəsmiləri Azərbaycanı “İsrailə öz ərazisində meydan verməkdə”, “terrorçuları saxlamaqda”, “regionda sərhədləri dəyişməkdə” qınayıb.

Azərbaycan tərəfi İrandan səslənən ittihamları rədd edib və qınaqlara əsaslı dəlil tələb edib.

İran və Azərbaycan arasında münasibətlər Azərbaycanın Ermənistandakı Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu almasından sonra kəskinləşib.

Buna kimi Azərbaycan rəsmi və qeyri-rəsmi kanallarla İrana Dağlıq Qarabağa yük daşınmasını dayandırmasını deyib, ona nota verib, amma “nəticə olmayıb”.

İran daha əvvəl Azərbaycanın Xəzərdə Türkiyə və Pakistanla birgə hərbi təlim keçirməsinə də narazılıq edib. İran Azərbaycanla münasibətləri gərginləşdikdən sonra Azərbaycanla sərhədində hərbi təlimlər keçirib.

Son xəbərlər
Oxşar xəbərlər
X