Azərbaycan II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

0

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. Statistikaya əsasən, ötən 5 ildə dünyada ümumi idxalın 10 faizi Çinin payına düşüb. Çin qarşıdakı 15 il ərzində 4,3 trilyon ABŞ dolları dəyərində məhsul idxal etməyi planlaşdırır. Şanxay sərgisi də Çinin bu idxal planının reallaşmasına xidmət edir.

BMT-nin müvafiq qurumlarının və Dünya Ticarət Təşkilatının dəstək verdiyi tədbirdə 150 ölkədən 3 mindən çox şirkət iştirak edəcək. Sərgidə 64 ölkənin, o cümlədən Azərbaycanın milli pavilyonu fəaliyyət göstərəcək. Ölkəmizin qida məhsulları, o cümlədən şərab və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkəti məhsullarını dünyanın ikinci iqtisadiyyatına sahib olan Çinin bazarında tanıtmaq üçün sərgidə iştirak edəcək. Azərbaycan məhsulları həm sərginin milli pavilyonlar, həm də biznes bölməsində nümayiş olunacaq.

Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər. Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ötən il ilk dəfə keçirilən Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 58 milyard dollarlıq razılaşmalar əldə olunmuşdu. Bu, Çində idxal məhsullarının ilk sərgisi olmaqla yanaşı, dünyada ölkə səviyyəsində də yeganə idxal sərgisidir. Yalnız peşəkar ziyarətçilər üçün açıq olan sərginin təşkilatçıları əhalinin marağını nəzərə alaraq, tədbir rəsmən bitəndən sonra, noyabrın 13-dən 20-dək ölkə pavilyonlarını ictimaiyyət üçün açıq edəcəklər

©Azərtac