Azərbaycan ilin 9 ayında ötən ildən daha ucuz ixrac edib – 1000 kubmetri $358-ə

Azərbaycan 2026-cı ilin yanvar–sentyabr aylarında 17,99 milyard kubmetr təbii qaz ixrac edib. İxracın ümumi statistik dəyəri 6 milyard 448,7 milyon ABŞ dolları təşkil edib.

Banker.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, ötən ilin eyni dövründə 18,53 milyard kubmetr təbii qaz 6 milyard 698,6 milyon dollara ixrac edilmişdi. Beləliklə, qaz ixracı həcm ifadəsində 2,9%, dəyər ifadəsində isə 3,7% azalıb.

Hesablamalara əsasən, Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta statistik qiyməti 358,38 dollar olub. Bu göstərici 2025-ci ilin müvafiq dövründəki 361,54 dollarla müqayisədə 0,9% aşağıdır.

Təbii qazın Azərbaycanın ümumi ixracındakı payı da azalıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayında qaz ümumi ixracın 36%-ni təşkil edirdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 27,02%-ə düşüb. Ölkənin ümumi ixracı isə həmin müddətdə 28,3% artaraq 23,86 milyard dollara çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar–sentyabr aylarında Azərbaycanda 37,52 milyard kubmetr təbii qaz hasil edilib. Bu, əvvəlki ilin eyni dövründən 0,7% azdır. Hasilatın 28,58 milyard kubmetrini əmtəəlik qaz təşkil edib ki, bu da illik müqayisədə 1,6% azalma deməkdir.

Bu arada, Avropa bazarında təbii qazın qiymətində bahalaşma müşahidə olunur. Niderlandın TTF qaz habında fyuçers qiymətləri oktyabrın 16-da meqavat-saat üçün 87,55 avroya yüksəlib. Bu, hər 1000 kubmetr üçün təxminən 919,3 avroya bərabərdir. Oktyabrın 9-da isə qiymət 81,43 avro/MWh, yaxud hər 1000 kubmetr üçün təxminən 855 avro idi. Beləliklə, bir həftə ərzində təbii qazın qiyməti 7,5% və ya hər 1000 kubmetr üzrə 64,3 avro bahalaşıb.

u3

Reuters agentliyinin məlumatına görə, Avropada qazın bahalaşmasının əsas səbəbləri Yaxın Şərqdə hərbi münaqişə nəticəsində mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün məhdudlaşması, Hörmüz boğazında daşımaların pozulması və qitənin qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olmasıdır.

Hörmüz boğazından tədarükün pozulması dünya LNG ixracının təxminən 20%-nə təsir göstərib. Avropanın qaz anbarlarının noyabrın əvvəlinə 75–78% doluluq səviyyəsinə çatacağı gözlənilir ki, bu da beşillik orta göstəricidən təxminən 10 faiz bəndi aşağıdır. Asiya və Avropa ölkələrinin məhdud LNG tədarükü uğrunda rəqabəti də qiymətlərə təzyiq göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər