14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan iqtisadiyyatının neftdən asıllığını necə azaldıla bilər? — Sabiq naziri yazır

Son dövrlər dünya iqtisadi sistemində çalxalanma başlamış, stress vəziyyəti daha da gərginləşməyə meyllənib. Ölkəmiz dünya iqtisadi sisteminə inteqrasiya olunmuşdu və buna görə də ümumdünya prosesləri təsirsiz ötüşməyəcəkdi. 2008-ci ilin dünya maliyyə böhranından Azərbaycan məharətlə çıxmış, minimum zərərlə ötüşmüş, hətta bəzi istiqamətlərdə bu dağıdıcı təsir qüvvəsini faydalı enerjiyə çevirib, istifadə edə bilmişdi. 

İndi qarşıya çıxan “nə etməli” klassik sualının cavabı,  konkret olaraq, qarşıya qoyulan məqsəddən asılıdır. Əgər biz Qazaxıstan və ya Rusiya, hətta Türkiyə səviyyəsinə çatmaq istəyiriksə, onda gərək onların həyata keçirdikləri islahatlara baxaq və onlar kimi edək. Yox, əgər ABŞ, İsveçrə, Sinqapur və bu kimi dövlətlərin səviyyəsinə qalxmaq istəyiriksə, onda gərək onların islahat tarixlərinə baxaq və onlar kimi hərəkət edək. Prezidentimiz dəfələrlə bəyan edib ki, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq bizim ali vəzifəmizdi. Mənə elə gəlir ki, müxalifət qüvvələrində də eyni yanaşma var. Belə olan halda, bütün qüvvələr bu ali vəzifənin yerinə yetirilməsinə yönəldilməlidir. 

Mən hər hansı addımı atanda onu birinci düşünərdim ki, əcaba, belə vəziyyətdə Sinqapur, İsveçrə və ya ABŞ iqtisadçıları nə edərdi? Məsələn, 2008-ci il böhranında demək olar ki, Avropa ölkələri nə tədbir gördüsə, Azərbaycan hökuməti də onu gördü, bununla də böhranın nəticələrini tam zərərsizləşdirdi, amma digər Sovet ölkələri tam tərsinə, yanlış tədbirlərə əl atdılar və bununla da böhrandan daha çox zərər gördülər. Bu günkü böhran xarakter etibarı ilə əvvəlkinin eynidi; uyğun və daha kəskin tədbirlər görsək, bu böhranı nəinki zərərsizləşdirə bilərik, hətta onun dağıdıcı qüvvəsini faydalı işə çevirə və bundan yararlana bilərik. 

Böhran nədir? Qiymətlərin, mallara tələbin və uyğun olaraq pul təklifinin azalması, nəticədə qiymətlərin aşağı düşməsidir. Yeganə yol mallara tələbi artırmaqdır ki, bunun da başlıca yolu dövriyyədəki pulun həcmini artırmaqdı; həm də hər iki formada,  – milli və xarici valyutada.

Sual çıxır, necə? 

Proses o qədər dəqiqliklə hesablanmalıdır ki, iqtisadiyyatın balansını pozmasın, yüksək inflyasiyaya gətirib çıxarmasın, milli valyutanın dəyərinə təsir göstərməsin və yalnız müsbət nəticələr versin. Mətbuatdan yəqin ki, əksəriyyətimiz izləyirik; ABŞ federal rezerv sisteminin (ABŞ-IN MƏRKƏZİ BANKI) uçot dərəcəsini 0.1 punkt qaldırması xəbəri dünya bazarlarında bir neçə gün sonra necə çaxnaşmaya səbəb olur.

“Biz qətiyyən təkrar devalvasiyaya yol verə bilmərik; bunun üçün heç bir səbəb və şərait yoxdur, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik”


Dövriyyədə pulun həcmini artırmaq üçün isə Azərbaycanda olan imkanlar Azərbaycan miqyasında olan ikinci bir ölkə yoxdur. Bu, həm daxili rezervlər, həm sabit və sürətli iqtisadi inkişaf, həm son illərdə əldə olunmuş yüksək reytinq, həm böyük miqdarda valyuta, hətta ekstra valyuta ehtiyatları; dünya maliyyə mərkəzləri ilə yüksək siyasi dostluq əlaqələri ilə müəyyən olunur. Bu potensial imkanların hərəkətə gətirilməsi üçün tədbir görmək lazımdı. Mənə elə gəlir ki, hər şeydən əvvəl maliyyə panikası aradan qaldırılmalıdı. İqtisadçılarımız, xüsusilə müxalifət iqtisadçıları, həm də dövlət iqtisadi orqanları, vaxtlı  – vaxtında ölkənin real iqtisadi potensialını və imkanlarını əhaliyə, xarici ictimaiyyətə çatdırmalıdırlar. 

İndiki halda Azərbaycan mətbuatını daimi izləyən, hər hansı bir investor ölkəyə yaxın da durmaz. Əksəriyyət yazarların mətbuatda çıxışlarının xülasəsi belədir: iqtisadiyyat məhvə gedir, təkrar devalvasiya qaçınılmazdı, gələn ilin büdcəsini formalaşdırmaq mümkün olmayacaq və s. Bir baş bilən sual verməzmi: ay müsəlmanlar 10 milyardlarla ekstra valyuta ehtiyatı, bu qədər istehsal artımı, 10 milyardlarla borclanma imkanları olan, hətta böhran dövrü valyuta balansında 10 milyardlarla profisiti (artıqlığı) olan, ixracatı idxalından 10-12 milyard dollar çox olan iqtisadiyyat necə bata bilər, devalvasiya necə ola bilər, geriləmə necə ola bilər və s.? 

Heç nəyi bacarmasaq da, bir müvafiq çəkili ölkələrlə müqayisə də bacarmırıqmı? Bizdən on qat pis vəziyyətdə olan Ermənistan, Gürcüstan, Ukrayna, Özbəkistan və s. neynəsinlər? Əli qələm tutan hər kəs anlamalıdır ki, bu gün bu yazılarımızdan hamının həyatı, gələcəyi asılıdır. Maliyyə panikası elə bir dəhşətdir ki, hətta ən güclü iqtisadiyyatı belə alt üst edə bilər, ona görə də, alimlərimizə təklifim odur ki, bu anlayışın elmi tədqiqini aparsınlar, qarşısının alınması yollarını araşdırsınlar. Ölkəmizdə bir məqalə də yazılmayıb bu mövzuda; halbuki, bu elmin içində yüzlərlə dissertasiya mövzusu var. Yazarlara və dövlət məmurlarına isə xahişim budur ki, qeyri-gerçək, yalan ifadələrlə maliyyə panikası yaratmasınlar. 

“Yazarlara və dövlət məmurlarına isə xahişim budur ki, qeyri-gerçək, yalan ifadələrlə maliyyə panikası yaratmasınlar”

İndi isə real tədbirlər haqqında. İlk növbədə, daxili ehtiyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma salınmalı, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı; bunun üçün isə ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır. Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq, bazara təklifini artırmalısan. Əgər kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. Kreditin təklif həcmini isə həm daxili və həm də xarici mənbələr hesabına etmək olar. 

Daxili mənbələr böyükdür, amma onların cəlb olunması üçün şərait o qədər münbit deyil. Ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qarşısında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursun. Son devalvasiyaya qədər yavaş  – yavaş belə bir sistem formalaşırdı, amma 34%-lik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız – itkilərin 10%-i də eləmir. Siz təsəvvür edə bilərsinizmi ki, ABŞ, İsveçrə və ya Sinqapur (biz bu səviyyədə inkişaf etmək istəyirik) bir gecədə valyutasını öz əli ilə bu qədər ucuzlaşdıra idi; yaxud, tarixlərində belə şeyə yol verəydilər? Qətiyyən yox! Əgər yol versəydilər, bu gün ən uzağı Rusiya və Qazaxıstan səviyyəsində olardılar.

Rusiya, Qazaxıstan, Belarus və s. “gömrük ittifaqı” adı ilə özlərini elə bir cilova bağlayıblar ki, onlar məcburdurlar, “devalvasiya və inflyasiya yarışmasına” çıxsınlar. Eyni yarışma təcrübəsindən vahid rubl məkanında olanda biz də keçmişik. Amma indi biz müstəqil gömrük və valyuta sistemindəyik; orada baş verənlər bizim valyuta sisteminə ciddi təsir edə bilməz. Zənn edirəm, biz qətiyyən təkrar devalvasiyaya yol verə bilmərik; bunun üçün heç bir səbəb və şərait yoxdur, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik. Daxili mənbələri səfərbər etmək üçün həm də, dövlətin işə qarışması lazımdı, hökumət əmanətləri haqqında qanun qüvvəli qərar verilməli, hökumətin bütün resursları, o cümlədən, ekstra valyuta ehtiyatları (BVF-nin normativlərinə görə bizə 3 mlrd dollar valyuta rezervləri lazımdır, bizdə isə 45-50 mlrd dollardı) məqsədli təyinatı müəyyən edilməklə, böyük və etibarlı Azərbaycan banklarında yerləşdirilərək xəzinənin nəzarəti altında investisiyaların maliyyələşdirilməsinə yönəldilməlidir. 

Xarici mənbələr ciddi və daha böyük rol oynaya bilər. Həm borc mənbəyi, həm əmanət və həm də investisiyalar kimi. Bir qanunauyğunluğu diqqətinizə çatdırmaq istəyirəm: dünya ölkələrinin borclanma məbləği iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadı: Ümum Daxili Məhsulda (ÜDM) xarici borcların payı nə qədər çoxdursa, inkişafı bir o qədər yüksəkdir. ABŞ-ın 18 trilyon dollar xarici borcu var, bu da onların ümumi daxili məhsulu qədərdi, Böyük Britaniyanın xarici borcu onun ÜDM- dən 4 dəfə, Fransanınkı 2,2 dəfə, Niderlandınkı 3,2 dəfə, Sinqapurunku 4 dəfə çoxdur. Qısa olaraq, bütün inkişaf etmiş ölkələrdə belədir. Amma geridə qalmış ölkələrdə bu göstərici çox aşağıdı. 

 

Məsələn, Nigeriyada 5%, İranda 4%, Haitidə 5% və s. Onlar xaricdən borc ala bilmirlər. Ölkəmizdə bu rəqəm 6-8% həcmindədi (cəmi xarici borclar – 4 milyard dollardı). Amma Azərbaycanda vəziyyət tamam başqa cürdür, həm inkişaf var, həm borc alma imkanları. Sadəcə özümüz səy göstərib borc ala bilərik. Borclanma imkanlarımız 100 milyard dolların üstündədir, yalnız bu imkandan istifadə etməklə, ölkədə neft  – qazdan asılılıqdan xilas olmaq mümkündür. 

“Borclanma imkanlarımız 100 milyard dolların üstündədir, yalnız bu imkandan istifadə etməklə, ölkədə neft-qazdan asılılıqdan xilas olmaq mümkündür”

Borclanma prosesinə dərhal başlamaq olar və böyük miqdarda vəsait cəlb etməklə, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq olar. Bu borclanma mənbələri: büdcənin kəsirinin bağlanması və valyuta balansının tənzimlənməsi üçün Beynəlxalq Valyuta Fondundan bir neçə milyard kredit, infrastruktur layihələri üçün Dünya Bankından, İslam İnkişaf bankından, biznes layihələri üçün Beynəlxalq Maliyyə Korporasiyasından, Asiya İnkişaf Bankından, Avropa İnkişaf və Yenidənqurma Bankından, iri transmilli korporasiyalardan, bank və fondlardan, Eksimbanklardan, şirkətlərdən, maliyyə bazarlarından, maliyyə şirkətlərindən milyardlarla vəsait cəlb edib, bütün layihələri maliyələşdirmək olar. 

Azərbaycana xarici kapital axınını daha da gücləndirmək olar, burada qanunvericilik aktlarını təkmilləşdirməyə ehtiyac var. Həm də xaricə investisiya prosesini tənzimləmək üçün hüquqi baza yaratmaqla xaricə kapital axınını tənzimləmək mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsində ən geniş yayılmış təcrübə – xarici vətəndaşlardan əmanət cəlb etmə və xarici maliyyə bazarlarında şirkətlərin və hökumətin qiymətli kağızlarının satışının təşkili – yolu ilə də böyük miqdarda vəsait toplamaq olar.

Təəssüflər olsun ki, son devalvasiya bu işə ciddi mənfi təsir edib; amma vəziyyəti bərpa etmək olar. Bunun üçün möhkəm və etibarlı maliyyə – bank-pul sistemi qurmamız lazımdı, dünyanın bütün maliyyə mərkəzlərində iri banklarımızın filiallarını qurmalıyıq. İri maliyyə mərkəzlərində əmanətlərin faizi 2% dən yuxarı deyil, belə olan halda nə qədər potensial əmanət cəlb etmə imkanlarımız yaranır. Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risksiz obyekt axtarır.

Şirkətlərdə olduğu kimi, dövlətlərdə də, inkişafın 60-70%-i kreditlər hesabına maliyyələşir. Bu gün böhrandan çıxmaq və hətta ondan yararlanmaq üçün heç bir başlanılan və nəzərdə tutulan investisiya layihəsini dayandırmaq qəti olmaz; bəlkə də normal şəraitdə bu, elə də ciddi təsir görsətməzdi; amma böhran şəraitində, panika yaradaraq bütün iqtisadiyyatı iflic edə bilər,  potensial imkanlardan istifadə edərək onların hamısını maliyyələşdirmək zəruridir.

Yeni layihələr üzərində düşünmək lazımdır, kənd təsərrüfatı, tranzit iqtisadiyyatı qurulması üzrə, beynəlxalq layihələr, neft və qaz biznesinin restrukturizasiysı, orta və kiçik biznesin inkişafı layihələri və s. yüz milyardlarla vəsait tələb edir. Neft və qazın yanacaq kimi istifadəsi sahələri daralır, yeni istiqamətlərə yönəldilməsi zəruridir. Bu il artıq Toyota şirkəti su və ya sudan alınan hidrogenlə çalışan maşınların kütləvi istehsalına başladı; bu proses bütün sahələrdə davam edir. Amma materialşunaslıq elminin sürətlə inkişafı nəticəsində neft və qazdan bütün sahələrdə istifadə oluna biləcək materiallar, yüzlərlə məhsul növü hazırlanır, hətta armatur, maşınqayırmada istifadə olunan materiallar, kosmos sənayesində istifadə olunan materiallar istehsal olunur.

Neft və qazın ucuz satılması əvəzinə onlardan alınan məhsulların daha baha qiymətə satılması faydalıdır. Bu investisiyalar yüz milyardlarla vəsait tələb edir. Tranzit iqtisadiyyatını qurmaq üçün böyük miqdarda vəsait tələb olunur, amma ikiqat mənfəət verir. Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran Sinqapur heç bir neft –  qaza malik olmayan, Azərbaycanın ən kiçik rayonlarından biri qədər ərazidə (645 kv km, təqribən Yardımlı və ya Qazax rayonunun ərazisi qədər) elə sistem qurmuşdu ki, ildə 450 milyard dollar, yəni Azərbaycandan 20 dəfə çox məhsul ixrac edir (Azərbaycanın illik ixracı 22 mlrd dollardı). Real və səmərəli tranzit iqtisadiyyatı qurmaq üçün ilk növbədə bütün qanunvericilik bazasını tranzit iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaq lazımdı. Prezidentin qeyd etdiyi kimi, ölkənin ən böyük problemi olan inhisarçılığı (monopoliya) aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək lazımdı. Ünsiyyət problemini həll etmək üçün Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinin də ikinci dərəcəli dövlət dili kimi istifadə olunması zəruridir. Dünyada ən inkişaf etmiş ölkələr bir neçə dövlət dilinə malik ölkələrdi. Bu, bir tərəfdən, millətin ümumi potensialının artmasına, ünsiyyətin asanlaşmasına, həmçinin yeni bazarların mənimsənilməsinə, digər tərəfdən, dostluq münasibətlərinin, informasiya və intellektual mübadilənin genişlənməsinə və artmasına kömək edə bilərdi. Bir dil bilmək bir şəxsin, 3 dil bilmək üç şəxsin əvəzlənməsi deməkdir. Nümunə kimi göstərdiyimiz Sinqapurda 5 dil, İsveçrədə 4 dil dövlət dilidir, bütün məmurlar bütün bu dilləri bilmək məcburiyyətindədir, başqa cür o heç məmur ola bilməz.

Yuxarıda qeyd edilənlər, sadəcə tezis formasında təkliflərdi, bunları həyata keçirmək üçün çoxsaylı qanunvericilik aktları, əsasnamələr, təlimatlar hazırlamaq, təşkilati sistemini qurmaq lazımdır.

Sabiq Maliyyə naziri
Saleh MƏMMƏDOV

saleh mammadov

Mənbə: musavat.com

 

Son xəbərlər
Digər xəbərlər