14 C
Baku
Thursday, November 21, 2024

Azərbaycan, İran və Türkmənistanın yeni qaz sazişi – Bundan ən çox kimlər qazanacaq?

Dekabrın 25-dən Türkmənistan qazının İrandan keçməklə Azərbaycana ötürülməsinə dair noyabrın sonunda üç ölkə arasında sənəd imzalanıb.

Azərbaycanda rəsmi qurumlar icrasına iki həftə qalmış bu müqavilə barədə açıqlama verməyib. Azərbaycan Prezidenti İlham Əliyev müqavilə imzalananda onu “tarixi sənəd” adlandırıb.

Enerji məsələləri üzrə təhlilçilər hesab edir ki, qaz müqaviləsi hər üç tərəfi üçün əlverişlidir.

Azərbaycan ucuz qaz alıb öz tələbatını ödəyir və Xəzərdən çıxarılan qazı satışa yönəldə bilir, İran gələcək üçün tranzit imkanı qazanır, Türkmənistan isə qazanc əldə edib qaz bazarını şaxələndirir, bizə danışan təhlilçilər müqavilənin tərəflər üçün faydasını belə təsvir edir.

Azərbaycan Prezidenti İlham Əliyev İran mətbuatına müsahibəsində bu müqavilənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu deyib.

Azərbaycanın daxilində təbii qaz təchizatını həyata keçirən “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətindən BBC-yə deyiblər ki, mediadan onlara bu mövzu ilə bağlı çoxlu suallar gəlsə də, bu məsələ səlahiyyətləri xaricindədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da bu müavilədə iştirak etmədiyini deyib. Xarici İşlər, Energetika və İqtisadiyyat nazirlikləri isə müqavilənin şərtləri barədə suallarımıza aydınlıq gətirməyiblər.

İki ay danışıqlar olub

Azərbaycanda bu saziş barədə məlumat çox olmasa da, İranın rəsmi IRNA xəbərlər agentliyi yazıb ki, Türkmənistan Azərbaycana hər gün 5-6 milyon kub metr təbii qaz satacaq.

İran tərəfi elan edib ki, qaz ötürülməsi barədə təqribən iki ay danışıqlar aparılıb və saziş imzalandıqdan sonra bu il dekabrın sonundan işlərin icrasına başlanılacaq.

İndiyədək Azərbaycan rəsmiləri deyiblər ki, ölkə öz təbii qaz ehtiyacını ödəyir. Amma Xəzərin o tayındakı qonşudan gələcək olan 1,5- 2 milyard kub metr qazın necə istifadə olunacağı ilə bağlı suallar açıq qalır.

Dünya Enerji Şurasının Cenevrədə yerləşən Qlobal Qaz Mərkəzinin məsləhətçisi Gülmirə Rzayeva hesab edir ki, hər üç ölkə bu qaz sazişində qazanclı çıxıb.

Onun sözlərinə görə qaz sazişi Azərbaycanla İran arasında son vaxtlar müşahidə olunan siyasi gərginliyə son qoyub.

“İlk növbədə Azərbaycanın öz daxili tələbatının ödənilməsi üçün İran qazı istifadə olunacaq, amma gələcəkdə həcmlər artırılarsa təbii ki, Azərbaycan o qazı ixrac da edə bilər. Bu halda İran önəmli tranzit ölkə ola bilər”, – Gülmirə Rzayeva deyib.

Gülmirə Rzayeva hesab edir ki, sanksiyalar altında olan İranla Azərbaycanın belə bir sazişin bağlanması deməyə əsas verir ki, “hansısa razılığa gəlinib, amma açıqlanmır”.

“İran sanksiyalar altındadır və onun Avropaya qaz göndərməsinə məhdudiyyətlər var. Amma Azərbaycanın belə bir sazişi imzalaması məndə də sanksiyalarla bağlı suallar doğurur. Sanksiyalarla bağlı hansısa bir razılıq ola bilər. Bu saziş birbaşa Azərbaycan və İran arasında imzalanıb. Tərəflər burada heç nəyi gizlətmək ehtiyacı duymayıb”, – Gülmirə Rzayeva bildirib.

Geo-siyasi əhəmiyyəti

Washington-da mənzillənən Heritage Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Luke Coffey iddia edir ki, hazırda bu sazişlə birbaşa və dolayısı ilə daha çox Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Avropaya çatacaq.

“Türkmən qazını Avropa bazarına çıxarmaq Aİ-nin strateji məqsədi olmalıdır. Vaxt keçdikcə türkmən qazı Avropanın Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu qaz mübadiləsi sazişi düzgün istiqamətdə atılmış addım olsa da, Avropanın Türkmənistan qazını almaq üçün ən çox üstünlük verdiyi yol Transxəzər Boru Kəməri olacaq. Avropa ABŞ-ın diplomatik və siyasi dəstəyi ilə Bakı və Aşqabadı tez bir zamanda bu kəməri reallaşdırmağa təşviq etməlidir”, – Luke Coffey BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Türkmənistandan Avropaya türkmən qazı axmaya bilər, amma bu sazişlə Azərbaycan qazının Avropa bazarına çıxarılması yaxşılaşacaq, artacaq.

L.Coffey hesab edir ki, Swap razılaşmasında alınan qazın çox hissəsi Naxçıvana gedəcək, bu da Azərbaycan qazının bir hissəsini azad edəcək, beləliklə bu artıq qalan həcm Avropaya ötürülə bilər. Bizə danışan təhlilçilər Türkmənistan qazını Avropaya aparacaq ən yaxşı marşurutun Cənub Qaz Dəhlizi olduğunda həmfikirdilər.

Onlar deyir ki, bu, bütün regionda Rusiyadan kənar mənbələrdən qazı Avropaya nəql edəcək yeganə infrastrukturdur.

Azərbaycanın qazancı

Qlobal Qaz Mərkəzinin məsləhətçisi Gülmirə Rzayevanın sözlərinə görə Türkmənistan qazı həm maya dəyəri baxımındna, həm də dünya bazarına çıxış imkanları məhdud olduğundan ucuz qazdır.

“Məsələn sentyabrda Türkmənistanın Çinə satdığı 1000 kub metr qazın qiyməti 220 ABŞ dolları idisə, ötən ay bu rəqəm 187 dollar olub. Bazar qiymətindən qat-qat aşağı olan qazın Azərbaycana satışı ola bilsin, Çinə ixrac etdiyi qiymət ətrafında olacaq. Bu da Azərbaycan üçün çox əlverişlidir. Azərbaycan həmin həcmi özü ixrac edərsə bu Azərbaycan üçün əlverişli biznes imkanı deməkdir”, – Gülmirə Rzayeva bildirib.

İqtisadi məsələlər üzrə şərhçi Qubad İbadoğlu hesab edir ki, Türkmənistandan qaz almaq heç də Azərbaycanın hasilatının gözlənilən səviyyədə olmadığına görə atdığı məcburi addım deyil.

Qubad İbadoğlu deyib ki, hazırda alınan qaz böyük həcm deyil və ixrac öhdəlikləri üçün bu həcmdə qaz alınması inandırıcı deyil.

“Bu həcm çox deyil. Türkmənistan-İran-Azərbyacna arasında olan qaz kəmərlərinin ötürücülük qabiliyyəti də yüksək deyil ki, biz ordan on milyardlarla kub metr qaz alaq və Avropaya göndərək. Avropanın qaza olan ehtiyacı 450-500 milyard kub metrdir ki, onun da böyük hissəsi Rusiya hesabına ödənilir”, – Qubad İbadoğlu deyib.

“Yenilik deyil”

Neft-qaz məsələləri üzər şərhçi İlham Şaban BBC News Azərbaycancaya deyib ki, Azərbaycanın Türkməsintan qazını alması yenilik deyil.

Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildə özünün daxili bazarında istehlak edilməsi üçün ilk dəfə İran vasitəsi ilə Türkmənistan qazını dəyiş-düyüş edib.

“Azərbaycan Türkmənistandan birbaşa qaz kəməri olmadığı üçün bu qazı İran vasitəsi ilə alır. Qaz Türkmənistandan İrana verilir İran da öz qazından Azərbaycana verir, bu dəyiş-düyüş swap razılıq sazişi adlanır”,- İlham Şaban deyib.

İ.Şaban hesab edir ki, Azərbaycanın Türkmənistandan qaz alması 2016-cı ildə necə olubsa, indi də eyni tərzdə həyata keçiriləcək.

Qlobal Qaz Mərkəzinin məsləhətçisi Gülmirə Rzayeva deyir ki, Türkmənistan və Azərbaycan arasında İrandan keçməklə 2016-cı ildə imzalanan qaz sazişində qiymətlər 1 000 kub metr üçün 140-150 ABŞ dolları ətrafında olub. Onun sözlərinə görə bu göstərici bazar qiymətindən aşağı olub.

“Müqavilədə SOCAR iştirak etməyib”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alınacaq qazın necə istifadə olunması ilə bağlı məlumat verməyib.

Qurumdan BBC News-ə bildirilib ki, imzalanan müqavilədə SOCAR iştirak etməyib və ölkənin qazla təhçizatını “başqa şirkət” həyata keçirir.

“Azərbaycanda istifadə olunan təbii qazın hamısını SOCAR istehsal etmir. Qazı istifadə olunan şirkətlərdən biri də SOCAR-dır”, SOCAR-ın sözçüsü İbrahim Əhmədov deyib və “başğa şirkəti”n nə olduğunu açıqlamayıb.

Artan tələbat və Azərbaycanın öhdəliyi

Təhlilçilər bildirib ki, hazırda Avropada təbii qaza olan tələb artmaqdadır və Türkiyədə də tələbat tarixi pikə çatıb – illik 60 milyard kub metrdir.

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 14,93 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,95 milyard dollara yaxın olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

Trend-in məlumatına görə, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac edib.

Gülmirə Rzayevaya görə “Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilmir, qaz çatışmır” kimi iddialar həqiqətə uyğun deyil.

O hesab edir ki, əgər Azərbaycanın artıq qazı olarsa, ondan qaz alan ölkələr həcmin artırılmasını 2 dəfə və hətta çox tələb edə bilərlər, amma təbii qaz nəqlini artırmaq da asan məsələ deyil.

“Azərbaycanda artıq həcm olsaydı, Türkiyə düşünmədən bunu idxal edərdi. Amma məsələ ondandır ki, artıq qaz dərhal mövcud ola bilməz. Çünki qazın hasilatının artırılması üçün illər lazımdır. Bunu əvvəlcədən proqnozlaşdırıb, planlaşdırmaq lazımdır. Burada texniki məsələlər rol oynayır”, – Gülmirə Rzayeva deyib.

Qaz boru xətləri

Azərbaycan öz təbii qazını Avropaya “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TANAP kəməri vasitəsiylə həyata keçirir.

Uzunluğu 1 805 kilometr olan TANAP boru kəmərinin illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

Əvvəlcə TANAP vasitəsiylə illik 16 mlrd kubmetr qaz ötürüləcəyi deyilib. Həmin həcmin 6 milyard kubmerti Türkiyənin 10 milyard kubmetr təbii qaz isə Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropanın payına düşür.

Məlumata görə üç ildən çox müddətdə TANAP-dan Türkiyəyə ötürülən təbii qazın ümumi həcmi 13.4 milyard kubmetrə çatıb.

Bu ilin 10 ayı ərzində Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsiylə 14 milyard kub metrdən artıq təbii qaz nəql edib. Bunun da 7,09 milyard kubmetri Avropaya göndərilib.

İranla Türkmənistan arasındakı iki boru xəttindən yenisinin həcmi 12 milyard kub metr, köhnəsinin isə 8 milyard kub metr qazı ötürməyə imkan verir.

İrandan Azərbaycan qaz ötürmək üçün isə infrastruktur məhduddur, maksimum 10 milyard kub metr qaz nəql oluna bilər.

Qaz məsələləri üzrə mütəxəssis Gülmirə Rzayevaya görə, Azərbaycanla İran arasında olan qaz kəmərində 2016-cı ildə bəzi işlər görülüb.

Gülmirə Rzayeva deyib ki, “ixrac məqsədiylə Azərbaycan bu kəmərdən istifadə etməyi planlaşdırırsa, burada texniki işlərə böyük investisiya tələb olunmur”.

İranın qazancı

İran mənbələrinin məlumatına görə, İran bu müqavilədən həm gəlir əldə edəcək, həm də ölkənin səkkiz ildən artıqdır ki, qaz qıtlığından əziyyət çəkən şimal əyalətləri qışda qazla təmin olunacaq.

Məlumata görə, İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsindən tranzit haqqı olaraq aldığı təbii qazı ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edəcək.

Şərhçilər hesab edir ki, bu addım həm də İrana neft-qaz infrastrukturunu işlək vəziyyətdə saxlamağa gələcəkdə mümkün halda tranzit ölkə olmasına imkan verəcək.

İranın neft və qaz sənayesi ölkənin nüvə proqramı ilə bağlı ABŞ-ın sanksiyaları altındadır.

Türkmənistanın qazancı

İqtisadi məsələlər üzrə şərhçi Qubad İbadoğlu hesab edir ki, bu üçtərəfli sazişdə ən çox marağı olan Türkmənistandır, çünki bu, ölkənin qaz ixracatını şaxələndirir.

“Sazişdə Türkmənistanın, İranın, Azərbaycanın əsas məqsədi qaz nəqli xərclərini aşağı salmaqdır və boru kəməri boyunca olan ərazilərdə yaşayan insanların qaza olan tələbatını təmin etməkdir”, -Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Türkmənistan üçün indi satdığı 1,5-2 milyard kub qaz böyük həcm olmasa da, bu onun üçün Çin və Hindistan istiqamətində olan qaz satışı istiqamətinin şaxələndirməsidir.

Türkmənistan əsas qaz satışını Çinə edir və Hindistan istiqamətində də yeni qaz kəməri tikilir. Azərbaycan vasitəsi ilə Türkiyəyə sonra isə Qərbə qaz satmaq isə bu ölkə üçün üçüncü ehtiyat istiqamətdir.

Qubad İbadoğlu deyir ki, Türkmənistan qazını Avropaya çıxarmaq üçün ən yaxşı layihə “Transxəzər” qaz kəməri layihəsi ola bilər ki, bu kəmər üçün isə təqribən 8-10 milyard dollar xərc tələb olunur.

“Belə məbləği hazırda nə Azərbaycan, nə Türkmənistan, nə də Avropa xərcləmək istəmir. Üstəlik bu layihənin qarşısında siyasi olaraq Rusiya kimi bir əngəl var”, – Q.İbadoğlu deyib.

Şərhçilər hesab edirlər ki, Türkmənistanın Avropaya qaz göndərməyi siyasi məsələdir və Rusiyanın icazəsi olmadan bu mümkün deyil.

Türkmənistan qazının İran vasitəsilə Avropaya nəqlinə dair açıq müzakirə olunan hələlik heç bir layihə yoxdur, lakin təhlilçilərə görə, Avropa İttifaqında İrana Rusiyadan yan keçən “cənub dəhlizlərindən” biri kimi baxılır.

İranla ortaq sərhədə malik Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir.

Türkmənistan hazırda Çinə lazım olan qazın tən yarısını təchiz edir.

Rusiyanı çıxmaq şərti ilə Türkmənistanın öz qazını Avropaya çatdırması üçün infrastrukturu yoxdur.

 

Son xəbərlər
Digər xəbərlər