Azərbaycan İspaniyadan yeni və çoxməqsədli radiolokasiya stansiyası alıb

0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, oktyabrın 15-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli Radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

RLS-in idarəetmə məntəqəsində quraşdırılan müasir avadanlıq və texniki vasitələrin taktiki-texniki xassələri ilə maraqlanan Müdafiə nazirinə məruzə edilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. Bildirilib ki, RLS həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər.

Qeyd olunub ki, İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu RLS Alyans ölkələrinin ordularının silahlanmasında da yer alıb.

RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edir.

Sonra Müdafiə naziri müvafiq infrastrukturla təmin edilmiş ərazidə yerləşən qərargah, əsgər yataqxanası, yeməkxana, əşya anbarı, tibb məntəqəsi, camaşırxana, qazanxana, xidməti və inzibati otaqlar, eləcə də digər qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, burada yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında duran vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan verir.