15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan İsveçrəyə $2,7 mlrd.-a yaxın investisiya qoyub

Azərbaycan İsveçrə iqtisadiyyatına $2,7 mlrd. investisiya qoyub. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

“Azərbaycan İsveçrəyə təxminən $2,7 mlrd. yatırım edib. İsveçrə şirkətləri isə Azərbaycana $860 mln. həcmində investisiya qoyub.Ümumilikdə Azərbaycan iqtisadiyyatına $268 mlrd. həcmində investisiya qoyulub ki, bunun da $148 mlrd.-ı xarici sərmayədir”, – deyə O.Əsədov bu gün İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye ilə görüşdə bildirib.

Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də İsveçrə olduğunu xatırladan Milli Məclisin sədri deyib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub.

Onun sözlərinə görə, Azərbaycan ilə İsveçrə arasında əlaqələr uzun illərə söykənən qarşılıqlı inam əsasında qurulub. İsveçrə Azərbaycan ilə münasibətlərə böyük önəm verir.

O.Əsədov qeyd edib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $680 mln. həcmində olmuşdusa, bu ilin 8 ayının yekunları üzrə bu rəqəm $1,3 mlrd.-a çatıb.

Jan-Rene Furniye İsveçrənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmasını heç də təsadüfi hal kimi dəyərləndirmədiyini qeyd edib. Belə ki, hər iki ölkə strateji baxımdan oxşar mövqelərə malikdir, böyük qonşularla əhatə olunub.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Azərbaycan ilə əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

©İnterfaks-Azərbaycan 

Son xəbərlər
Digər xəbərlər