29 C
Baku
Friday, June 21, 2024

Azərbaycan qazını nəql edən IGB ilə ilk istifadə ilində ötürülən yanacağın həcmi açıqlanıb

Kommersiya əməliyyatlarının ilk ilində Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsi ilə 16.4 milyon MVt-dan çox elektrik enerjisi ekvivalentində yanacaq (qaz – red.) nəql edilib.

Bu barədə ICGB layihə şirkətinin (layihə operatoru) məlumatında bildirilir.

Məlumata görə, 1 oktyabr 2022-ci ildə işə salınan Yunanıstan və Bolqarıstan arasında birləşdirici boru kəməri Bolqarıstana və bütövlükdə regiona təhlükəsiz və şaxələndirilmiş təbii qaz tədarükü üçün yeni marşrut təmin edir.

“Birinci il ərzində IGB qaz təchizatında böyük fasilələr olmadan bütün gündəlik tələbləri yerinə yetirərək qüsursuz nəticələr əldə etdi. Bu nailiyyət bizim əməliyyat prosedurlarımıza ciddi riayət etməklə, eləcə də ICGB-nin görkəmli peşəkarlarından ibarət xüsusi komanda sayəsində mümkün olub”, – ICGB-nin İcraçı Direktorları Teodora Georgiyeva və Corc Satlas bildiriblər.

Qeyd olunur ki, hazırda IGB-nin 39 qeydiyyatdan keçmiş istifadəçisi var. Qaz kəmərinin texniki ötürmə qabiliyyəti ildə 3 milyard kubmetrdir, onun ötürmə qabiliyyətinin böyük hissəsi artıq yeni qaz ilinə rezervasiya edilib. Hazırda interkonnektor Bolqarıstanın daxili qaz istehlakının təxminən yarısını təmin edir.

Kommersiya istismarına ötən ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Mənbəapa
Son xəbərlər
 ⁠
Digər xəbərlər