23 C
Baku
Saturday, September 24, 2022

Azərbaycan rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə edəcək

Azərbaycan rəqəmsal səhiyyə sahəsində Türkiyənin təcrübəsindən istifadə edəcək.

Bu barədə Azərbaycan və Türkiyə səhiyyə nazirləri Teymur Musayev və Fahrettin Koca arasında Bakıda keçirilən görüşdə bildirilib.

Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin cari ilin may ayında qardaş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik. Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdlərdən biridir”.

COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da mütəmadi xarakter aldığını vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib. Tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türkiyə səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə ikigünlük işgüzar səfəri çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.

 

 

Son xəbərlər
Oxşar xəbərlər