16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Sənaye Korporasiyası yeni iş yerlərini artıracaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də və onun törəmə müəssisələrində çalışan işçilərin ümumi sayı 4 min 986 nəfərə çatıb. Korporasiyanın baş direktoru Kamran Nəbizadə bildirib ki, həmin müəssisələr tam gücü ilə işləməyə başladıqdan sonra iş yerlərinin sayının daha 712 nəfər artaraq 5 min 698 nəfərə çatacağı gözlənilir: “Hazırda ASK tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azərpambıq ASK” MMC-ni qeyd etmək olar. Bu sahədə idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29 min hektarda pambıq əkini aparılıb və 56,6 min ton xam pambıq tədarük edilib”.

K.Nəbizadə qeyd edib ki, tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton, məhsuldarlığın isə hər hektardan 25 sentner olacağı hədəflənib. Əldə ediləcək xam pambığın emalı nəticəsində 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1.449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaq.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər