8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Azərbaycan sülh müqaviləsi təklifi və 4 min insanın taleyi ilə bağlı Ermənistandan cavab gözləyir”

Cənubi Qafqazda vəziyyət dəyişib. İşğal Ermənistanın iqtisadi potensialını, müstəqilliyini azaltdı. Ölkədən miqrasiya da bunun nəticəsidir”. Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Ermənistan qonşu ölkələrə ərazi iddialarına son qoysa, bu, son nəticədə Ermənistanın inkişafına gətirib çıxaracaq: “Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarına son qoymalıdır. Ermənistan strateji baxışını dəyişsə, bu, Ermənistanın özünün xeyrinə olacaq. Cənubi Qafqaz kiçik bir bazardır və Ermənistan da potensialından istifadə etməsi üçün qonşularla normal münasibət qurmalıdır. Ermənistanda keçirilən son parlament seçkiləri bu ölkənin əhalisinin düşmənçilik siyasətini dəstəkləmədiyini göstərdi. Müharibədə məğlubiyyətə baxmayaraq Nikol Paşinyan yenidən seçkilərdə qalib gəldi, Robert Köçəryan məğlubiyyətlə üzləşdi”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dənizə çıxışı yoxdur: “Ermənistan Zəngəzur dəhlizi ilə dənizlərə çıxış əldə edə bilər. Erməni diasporu bu problemlərin yaranmasında çox böyük rol oynayır. Erməni diasporunun nümayəndələri Parisdə, digər şəhərlərdə zəngin həyat yaşayır, ancaq Ermənistanın durumu fərqlidir”.

H. Hacıyev Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifinin cavabını gözlədiyini bildirib: “Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb. Azərbaycan bu insanların taleyi ilə bağlı Ermənistandan cavab gözləyir. Digər tərəfdən, işğaldan azad edilən ərazilər minalanıb. İndiyə qədər verilən mina xəritələri yalnız 25 faiz dəqiq olub”.

Prezidentin köməkçisi Ermənistanın revanşist siyasətinin Ermənistanın özü üçün faciələrə yol aça biləcəyini vurğulayıb.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X