4 C
Baku
Friday, January 27, 2023

Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlıq sənədi imzalanıb

Energetika naziri Pərviz Şahbazov Əlcəzairin “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar ilə görüşüb.

Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter hesabında yazıb.

P.Şahbazo qeyd edib ki, görüşdə Azərbaycanın təcrübəsinə və SOCAR ilə geniş əməkdaşlığa maraq ifadə edilib. Enerji məhsullarının tədarükü üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, energetika naziri Pərviz Şahbazov Əlcəzairə səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb. Görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz” şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm qaz təchizatçıları olan Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün enerji sahəsində geniş potensial var. “Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır. ”

Görüşdə Azərbaycanla Əlcəzairin qlobal neft bazarının balanslaşdırılması məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlığından bəhs edilib. Hər iki ölkənin neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə həyata keçirdiyi fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft – kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin Azeri Light və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen)  istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft – qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər
X