10 C
Baku
Bazar, Dekabr 5, 2021

Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər imzalanıb

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir. Nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Kamal Abbasov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar daxildir.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyi və Dubayda “Azərbaycan Ticarət Evi” işgüzar əlaqələrin inkişafı üçün səmərəli platformalardır. Azərbaycanın “Dubay EXPO 2020” ümumdünya sərgisində təmsil olunması da yeni biznes tərəfdaşlığına və investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Görüşdə həmçinin, Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Nazirlikdən bildirilir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasın sonunda yekunlara dair Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Azərbaycan nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində bu ölkənin 4-cü Sənaye İnqilabı Mərkəzində olub. Vurğulanıb ki, Azərbaycanda da İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.

Son xəbərlər
Oxşar xəbərlər
X