27 C
Baku
Monday, June 27, 2022

Azərbaycan xaricə mühərrik yağları ixrac edəcək

Azərbaycanın və Qafqazın ilk mühərrik yağları istehsalçısı “Technol” rəsmi şəkildə geniş ictimaiyyətə təqdim olunub.

Təqdimetmə tədbirində mediaya açıqlama verən şirkətin icraçı direktoru Murad Rəfiyev bildirib ki, “Technol” cari ilin birinci rübündə xaricə mühərrik yağları ixrac etməyi də planlaşdırır: “Azərbaycan bazarına çıxdıqdan sonra xarici bazara da çıxmaq planlarımız var. Artıq ixracla bağlı danışıqlar aparırıq və yaxın 3 ay ərzində “Technol” yağlarını xarici bazara da çıxaracağıq. İlk olaraq qonşu ölkələr Rusiya, İran, Türkiyə, Gürcüstan daha sonra Mərkəzi Asiya və MDB ölkələrinə ixrac etməyi planlaşdırırıq. Bundan sonra isə gələcəkdə Avropa və Afrika ölkələrinə də ixrac etməyi düşünürük. Məshullarımızın ixracı ölkəyə əlavə valyuta gətirəcək. Qeyd edək ki, hazırda ölkədə istifadə olunan avtomobil yağlarının 100%-i idxal məhsullarıdır”.

M.Rəfiyev bildirib ki, fevral ayının 1-dən bütün avtomobil istifadəçiləri “Technol” mühərrik yağlarını avtomobil mağazalarından əldə edə bilərlər.

“Şirkət gündəlik 200 ton məhsul istehsal etməyi hədəfləyir. Bu da illik 80 min tona yaxın məhsul deməkdir”.

O bildirib ki, şirkətdə 60-dan çox çeşiddə məhsul – yük və minik avtomobilləri üçün mühərrik yağları, motosikletlər, transmissiya yağları və sənaye yağları istehsal olunur. Müəssisədə ümumilikdə 50-yə yaxın işçi çalışır.

Onun sözlərinə görə, bu məhsulların qiyməti xarici yağlarla müqayisədə 50%-dən çox ucuz olacaq.

“Məhsullarımız həm keyfiyyət, həm də qiymət baxımından rəqabətə davamlı olacaq. Belə ki, yerli istehsal olması məhsulların daha ucuz olmasına təsir göstərir. Keyfiyyətə gəldikdə isə laboratoriyamız Böyük Britaniya, Almaniya, Yaponiya istehsalı olan cihazlarla təmin olunub. Bu bizə imkan verir ki, məhsulların həmin anda keyfiyyətini yoxlayaq və bazara daha keyfiyyətli məhsul çıxaraq. İstifadə etdiyimiz xammal və qatqıların dünyanın ən aparıcı şirkətlərinə aid olduğu üçün keyfiyyətinə əminik. Həmçinin qeyd edim ki, “Technol” mühərrik yağlarının istehsalında istifadə olunan xammala Avropanın aparıcı avtomobil mühərriki istehsalçıları olan “Ford”, “Peugeot”, “Citroen”, “Volkswagen”, “BMW”, “Mercedes Benz”, “Porsche”, “Opel”, “Renault”, “General Motors”, “Volvo”, “IVECO”, “Man” və s. şirkətlər təsdiq verib”.

M.Rəfiyev bildirib ki, zavod 100% özəl sərmayə əsasında tikilib. Onun sözlərinə görə, zavodun tikintisində hər hansı kredit xəttindən istifadə olunmayıb.

İqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdiri Murad Abdullayev zavodun açılış mərasimində deyib ki, dövlət tərəfindən göstərilən qayğının nəticəsini “Technol”un timsalında görürük:

“Bu gün artıq Azərbaycanda daha bir istehsal sahəsi açılıb və bazara yeni məhsul istehsal edən müəssisə daxil olub. Yeni iş yerləri açılıb və məşğulluq təmin edilib. Bu sevindirici haldır”.

Nazirliyin rəsmisi vurğulayıb ki, “Technol” şirkəti Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış “İnvestisiyanın Təşviqi Sənəd”indən yararlanıb:

“İnvestisiyanın Təşviqi Sənəd”ini əldə etmiş şirkət ölkəyə idxal etdikləri avadanlıqlar üçün ƏDV və gömrük rüsumlarından azad edilir”.

 

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər