11 C
Baku
Sunday, November 10, 2024

Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır

Azərbaycana idxal olunan avtonəqliyyat vasitələri üçün “Avro-5” və daha yuxarı ekoloji standartların tətbiqi məsələsi araşdırılaraq təkliflər hazırlanacaq.

Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, təkliflər İqtisadiyyat Nazirliyi (Azərbaycan Standartlaşdırma İnstitutu), Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sentyabrın 1-dək hazırlanaraq Komissiyaya təqdim edilməlidir.

Nazirlər Kabinetinin 2023-cü il mart ayındakı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Burada məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır.

2023-cü ilin 31 dekabrına olan məlumata görə, respublikada dövlət qeydiyyatına alınmış 1 milyon 774 min 77 nəqliyyat vasitəsindən istehsal ili 10 ilədək olanların sayı 266 878-dir. Bu da təxmin Azərbaycanda olan avtomobillərin 15 %-dir.

10 ildən 20 ilədək olanların sayı 707 min 623-dür. Bu da dövlət qeydiyyatına alınmış avtomobillərin 39,9 %-ni təşkil edir. 20 il və ondan yuxarı olanların sayı isə 799 526 ədəddir ki, bu da avtomobillərin 45,1 %-dir. İlin əvvəlinə ölkədə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir.

Son xəbərlər
Digər xəbərlər