Azərbaycana idxal edilən “TIOGREN”, “KAPSUL N40” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib.
Banker.az xəbər verir ki, aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında (4 915 qutu) ağır metalın (Kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.