32 C
Baku
Tuesday, July 23, 2024

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Bu barədə məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunacaq.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsası Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təmin edilməsi ilə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminin yaradılması olmuşdur.
Bununla belə əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox az bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların insan resurslarını səmərəli idarəetməsinə imkan vermir.

Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin yaratmışdır.

Beləliklə, “Əmək və məşğulluq” altsistemi vasitəsilə aşağıdakı proseslər rəqəmsallaşdırılacaqdır: əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqaviləsinin elektron qaydada bağlanılması, dəyişdirilməsi və xitamı, İşəgötürənin əmrlərinin, əmək müqavilələrinin elektron reyestri);
əməyin təşkili (işəgötürənin elektron profilinin, strukturunun, ştat cədvəlinin, rəqəmsal kadrlar uçotunun şəxsi vərəqəsinin yaradılması və istehsalat təqviminin yerləşdirilməsi);
əməyin ödənilməsi (əmək haqqının ödənilməsi və əmək haqqından tutulmaların vahid platforma vasitəsilə həyata keçirilməsi); əməyin mühafizəsi (iş yerlərinin attestasiyasının vahid altsistem
üzərindən təşkili və nəticələrinin, əməyin mühafizəsi üzrə təlimatların, sertifikatların altsistemdə yerləşdirilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasının təşkili və uçotu);
məşğulluq tədbirləri (özünüməşğulluğun, peşəyönümünün, haqqı ödənilən ictimai işlərin, kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasının, məqsədli proqramların həyata keçirilməsinin innovativ həllərin tətbiqi ilə təşkili);
elektron əmək birjası və əmək yarmarkası, vakansiya bankı, elektron məşğulluq xəritəsi (işaxtaran və işsiz şəxslərin işə düzəlməsi imkanlarının, habelə işəgötürənlərin keyfiyyətli işçi qüvvəsi ilə təmin edilməsi, həmin tərəflər arasında birbaşa münasibət və əlaqələrin qurulması, şəxslərin əmək bazarı barədə ətraflı məlumatlandırılması);
sosial tərəfdaşlarla iş (kvota şamil edilən işəgötürənlərin, işəgötürən müəssisədə kvotanın miqdarının müəyyən edilməsi, kvota üzrə işə qəbul edilənlərin, kvota üzrə vakant iş yerlərinin, sosial müəssisələrin, sosial iş yerlərinin, kvotadan əlavə iş yerlərinin, məqsədli proqramlar tətbiq edilən işəgötürənlərin, həmkarlar ittifaqlarının, sahəvi assosiasiyaların, peşə birliklərinin, işəgötürənlərin, işəgötürənlərin nümayəndəli orqanlarının, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər uçotu);
məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə nəzarət (risk əsaslı yoxlama və monitorinqlərin təşkili, səyyar yoxlamaların azaldılması, nəticələrinin yerləşdirilməsi, əmək qanunvericiliyinin pozulması ilə bağlı verilmiş sanksiyaların, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə bağlı məhkəmə qərarlarının altsistemdə yerləşdirilməsi, elektron cərimə, elektron audit); məşğul şəxslərin reyestri (məşğul, habelə digər gəliri olan şəxslərin reyestri, şəxslərin xərclərinin strukturu);
vergi, məcburi dövlət sosial sığorta haqları və digər məcburi ödəmələrin həyata keçirilməsinin optimallaşdırılması. Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaqdır.

Son xəbərlər
Digər xəbərlər