12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda əmlak sahibləri 30 mlrd. $ itiriblər

“Ölkədə olan bütün daşınmaz əmlakların dəyəri haqda fikir yürütmək çox çətindir. Əgər ölkə üzrə  kadastr qiymətləndirilməsi aparılsaydı rəqəmləri korrektə etməklə bir qədər dolğun informasiya vermək olardı. Bu istiqamətdə araşdırmalar da aparılmayıb. Ancaq bəzi ölkələrdə belə araşdırmalara xüsusi diqqət ayrılır. Onlar üçün ən maraqlı məqam bütün daşınmaz əmlakların ümumi dəyərinin nominal ÜDM-yə olan nisbətidir. İnkişaf etmiş ölkələrdə adətən daşınmaz əmlakların ümumi dəyəri nominal ÜDM-dən çox olur. Fərq ancaq nə qədər olmağındadır.

2014-cü ilin sonunda Azərbaycanın nominal ÜDM-si 58977,8 manat (75188,42 USD) təşkil edib ki, bu da adambaşına 6167,3 manat deməkdir. Əgər DSK-yə inansaq, 2014-cü ilin sonuna ölkə üzrə ümumi mənzil fondunun həcmi 166,4 mln kv.m. təşkil edir ki, bunun da 122,2 mln kv.m yaşayış sahələridir. Adambaşına düşən ümumi sahə 17,4 kv.m, yaşayış sahəsi isə 12,7 kv.m təşkil edir. Əgər orta qiymətlərlə götürsək bu fondun dəyəri ÜDM-dən maksimum 40% daha çox ola bilər. Nəzərə alınmayan sahələri, kommersiya obyektlərini, mülkiyyətdə olan torpaq sahələrini nəzərə alsaq bütün daşınmaz əmlakların dəyəri ÜDM-dən təqribən 1,8 dəfə çox olacaq. Rəqəmlə ifadə etsək, belə çıxır ki, bütün daşınmaz əmlakların dəyəri 2015-ci ilin əvvəlinə 106,16 mlrd. manat və ya 135 mlrd. dollar təşkil edəcək. Daşınmaz əmlakların ümumi dəyərinin maksimal həddi ÜDM-dən 3 dəfə çox ola bilər, yəni 225 mlrd dollar. Bu bir az fantastik rəqəmə oxşayır. Sözsüz ki, burada dövlət mülkiyyətində olan əmlaklar nəzərə alınmır. Bu hesablamalar çox ümumiləşdirilmiş yanaşma ilə aparılıb. Məqsəd isə istiqamətverici rəqəmləri ortaya çıxartmaqdır. Bu sahədə araşdırmalar aparılsa çox yaxşı olardı. Məsələn, belə rəqəm bizə məlum olsaydı, biz artıq bilərdik ki, 2014-cü ilin payızından bəri mülkiyyətçilər kapital formasında nə qədər itirib. Əgər minimal məbləğə (135 mlrd dollar) istinad etsək, belə çıxır ki, aşağısı 30 mlrd dollar”. Bunları haqqın.az saytına şərhində Value and Sources konsaltinq şirkətinin eksperti Rəşad Əliyev bildirib.

Banker.az bu gün ekspertlə əlaqə saxladı və bununla bağlı bir sıra məqamlara aydınlıq gətirməyi xahiş etdi. Ekspert aşağıdakıları bildirib:

“Daşınmaz əmlakın dəyəri onun mülkiyyətçisinin kapitalı hesab edilir. Yəni lazım olan vaxtı o, onu pula çevirə bilir. Ancaq təqribən 30 mlrd dollarlıq itkini çox ciddi qəbul etməyə dəyməz. Çünki  mülkiyyətçilərin əksəriyyəti öz əmlakına investisiya aləti kimi baxmır. Bu onların yaşayış yeridir. Əksinə çoxları qiymət enməsinə sevinir, çünki mənzil şəraitin yaxşılaşdırılmasına daha az vəsait yönəldirlər. Zərbə əsasən əmlakı investisiya aləti kimi istifadə edənlərə, onun qiymətinə istinad etməklə qərarlar qəbul edən tərəflərə dəyir (məsələn bank girovları). Digər tərəfdən itki dollar ifadəsindədi, manat ifadəsində bu özünü az göstərir. Əlavə olaraq da onu bildirim ki, böhran vaxtı daşınmaz əmlakın bazar dəyərinin düşməsinin fəsadları bizdə yüksək ola bilməz. İnkişaf etmiş ölkələrdə bu özünü çox sərt şəkildə bank sektorunda və digər maliyyə qurumlarının vəziyyətinin çətinləşməsində göstərir. Məsələn, ABŞ mülkiyyətçiləri 2008-ci il böhranı zamanı müxtəlif qiymətləndirmələrə əsasən 5-8 trillion dollar itirib. Bu itkini mülkiyyətçilərin əksəriyyəti hiss etməyib (həmdə sonradan qiymətlər artdı), ancaq bankların “hissiyatı güclü olub”. Buna görədə bir çox məsələlər nisbidir”.

Son xəbərlər
Digər xəbərlər